media-f378a3bc-0e8a-41c3-93e9-1b7ca2e1f857

Patrul.az media şirkətinin rəhbəri Səməndər Niftəliyev yazır:

“Artıq 10 günə yaxındır ki, uşaqlar arasında naməlum virus infeksiyasının yayıldığı müşahidə olunur. Valideynlərin və tibb işçilərinin bildirdiyinə görə, virus əsasən yüksək hərarətlə müşayiət olunur və son dərəcə təhlükəli klinik gedişata malikdir.
Məlumatlara əsasən, virus uşağa yoluxduqdan təxminən iki gün sonra özünü göstərməyə başlayır. Bir çox hallarda uşaqlarda bədən temperaturu 42-43 dərəcəyə qədər yüksəlir ki, bu da artıq həyati risk deməkdir. Daha narahatedici məqam ondan ibarətdir ki, ev şəraitində tətbiq edilən adi üsullar, illərdir valideynlərin istifadə etdiyi “dədə-baba qaydaları” və hətta bəzi dərman vasitələri ilə belə hərarəti 38 dərəcədən aşağı salmaq mümkün olmur. Nəticədə uşaqların vəziyyəti sürətlə ağırlaşır, bəzi hallarda isə koma vəziyyəti müşahidə edilir.

Məlumatlara görə, virusun təsirinə məruz qalanların böyük əksəriyyətini 9 yaşadək olan uşaqlar təşkil edir. Bu da təhlükənin məhz ən həssas yaş qrupunu hədəf aldığını göstərir.

Problemin daha ciddi tərəfi isə ağır vəziyyətdə olan uşaqlar dövlət xəstəxanalarına çatdırıldıqda ortaya çıxır. Açıq şəkildə ifadə edilməsə də, valideynlərə müxtəlif yollarla özəl klinikalara müraciət etmələri tövsiyə olunur. Özəl tibb müəssisələrində isə müalicə xərcləri, demək olar ki, əksər ailələrin maddi imkanlarını aşır. Valideynlər övladlarının həyatı ilə maddi durumları arasında seçim etmək məcburiyyətində qalırlar.

Aparılan müşahidələr və əldə olunan məlumatlar göstərir ki, hazırda demək olar ki, bütün iri özəl klinikalarda onlarla uşaq məhz bu virus səbəbindən müalicə alır. Bu fakt problemin tək-tük hadisə olmadığını, kütləvi xarakter daşıdığını açıq şəkildə ortaya qoyur.

Belə bir vəziyyətdə Səhiyyə Nazirliyi və TƏBİB-in rəsmi mövqeyinin olmaması, ictimaiyyətə aydın və dolğun məlumat verilməməsi ciddi narahatlıq doğurur. Virusun nə olduğu, necə yayıldığı, hansı hallarda təcili tibbi müdaxilənin vacib olduğu barədə heç bir geniş maarifləndirmə aparılmır.

Mövcud vəziyyət göstərir ki, məsələ artıq ayrı-ayrı halları deyil, ciddi ictimai səhiyyə problemini əhatə edir. Belə bir durumda Səhiyyə Nazirliyi və TƏBİB prosesdən kənarda qala bilməz. Valideynlərə virusun mahiyyəti, yoluxma riskləri, ilkin əlamətlər və qorunma tədbirləri ilə bağlı rəsmi və aydın məlumatlar verilməlidir. Uşaqların həyatı real təhlükə altındaykən susmaq çıxış yolu deyil. Təcili müdaxilə, şəffaf mövqe və operativ addımlar artıq zərurətə çevrilib.

Bu mənzərə fonunda cavabsız qalan əsas sual isə budur:

Nəyi gözləyirik?”


Bənzər xəbərlər