media-inshot_20260304_174253445

Yaxın Şərqdə gərginlik olduğu kimi qalır. İranda bir tərəfdən ABŞ və İsrailin hücumları, digər tərəfdən isə ali dini liderin yerinin kim tərəfindən doldurulacağı məsələsi ölkəni düşündürür. Məlum olduğu kimi, ABŞ və İsrailin fevralın 28-də Tehrana endirdiyi birgə zərbələr nəticəsində öz mülkündə olan Ali Dini Lider Ayətullah Əli Xamenei ailəsinin bir neçə üzvü ilə birlikdə həlak olub. İndi isə ölkənin gələcəyini müəyyən edə biləcək kritik mərhələ başlayıb.

Hazırda ekspertlər Xameneinin mümkün varisi kimi dörd əsas fiqurun adını çəkirlər. Onlar arasında 67 yaşlı Əlirza Arafi, 66 yaşlı Məhəmməd Mehdi Mirbaqeri və hazırda Məsləhət Şurasının sədri olan 64 yaşlı Sadiq Laricani var. Ən mübahisəli namizədlərdən biri isə mərhum liderin oğlu Müctəba Xamenei hesab olunur. Adıçəkilən şəxslər iranlılar tərəfindən namizəd kimi irəli sürülür. Bəs ABŞ və İsrail bu barədə nə düşünür?

Yadımızdadırsa, İsrailin baş naziri Benyamin Netanyahu İran xalqını ölkədəki gərgin vəziyyətdən istifadə edərək rejimi devirməyə çağırmışdı. ABŞ-nin mövqeyi isə bir qədər fərqlidir. Bu yaxınlarda ABŞ Prezidenti Donald Tramp hazırda ölkəsində yaşayan, İranın son şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvinin mümkün lider kimi uyğun olub-olmaması barədə suala cavab verərkən onun çox yaxşı insana bənzədiyini bildirmişdi. Lakin daha sonra o, İranda əlçatan və eyni zamanda populyar bir şəxsə ehtiyac olduğunu da qeyd etmişdi.

Bəs Rza Pəhləvinin ortaya atılmasında məqsəd nədir? İranda Xameneinin taxtına Amerikada yaşayan, iran əsilli, soylu bir şəxs olan Pəhləvi ABŞ-nin dəstəyi ilə gətirilə bilərmi?

Bununla bağlı politoloq Asif Nərimanlı Patrul.az-a öz fikirlərini bölüşüb. Onun sözlərinə görə, Rza Pəhləvi hakimiyyətə gəlmək üçün Amerikaya özünü göstərməyə çalışsa da, ABŞ-nin məqsədi xalqın istəyi ilə və Amerikanın maraqlarına uyğun olan şəxsin seçilməsidir:

“Trampın son açıqlaması onu deməyə əsas verir ki, Pəhləvi məsələsi Amerika üçün artıq arxa plana keçib. Yəni Tramp Pəhləvinin yaxşı insan olduğunu bildirsə də, Amerika administrasiyası onun hakimiyyətə qayıdışı haqqında düşünmür. Həm də Trampın qeyd etdiyi kimi, İranda xalqın içindən çıxan və xalqın dəstəkləyəcəyi bir şəxsin hakimiyyətə gəlməsi daha məqsədəuyğun hesab olunur. Bu isə onu deməyə əsas verir ki, Amerika administrasiyası Pəhləvi məsələsini faktiki olaraq bağlayıb.

Bilirik ki, Pəhləvi yanvar aksiyaları zamanı və hazırkı dövrdə də özünü əsas lider kimi göstərməyə çalışırdı. Bunun üçün müəyyən manipulyativ addımlar atırdı. Bunlardan biri İrandakı şahçılar tərəfindən etirazçıların Rza Pəhləvini ölkəyə dəvət etməsi ilə bağlı səsləndirilən şüarlar idi. Müəyyən qruplar etirazçıların arasına qoşulur və Rza Pəhləvini dəstəkləyən şüarlar səsləndirirdilər. Həmin görüntülər də geniş şəkildə tirajlanırdı”.

Politoloq Rzanın atasının İran xalqına, xüsusilə də etnik qruplara qarşı siyasətini xatırladaraq bildirir ki, onların razılığı olmadan onun hakimiyyətə gəlməsi çətin görünür:

“Digər tərəfdən Rza Pəhləvi İran mühacirlərini ətrafına toplayaraq müəyyən aksiyalar keçirir. O cümlədən hazırda İran xalqına mesajlar verir ki, artıq İran rejiminin sonudur və o, hakimiyyətə qayıdaraq ölkədə demokratik dövlət quracaq. Yəni bütün bunlar əslində Pəhləvinin manipulyativ addımlarıdır.

Hesab edirəm ki, burada əsas məqsəd özünü Amerikaya qəbul etdirməkdir. Pəhləvi göstərməyə çalışır ki, İranda postrejim dövrü üçün ən real namizəd məhz odur və xalq onu dəstəkləyir. Amma reallıq bundan ibarət deyil. İranda şahçılıq tərəfdarları qalsa da, əksəriyyət keçmiş şahın zülmünü unutmayıb.

Burada İranın gələcəyində xüsusi rol oynayacaq böyük etnik qruplar – azərbaycanlılar, kürdlər və digərləri ən çox zülmə məruz qalan qruplardır. Onların qəbul etmədiyi bir namizədin hakimiyyətə gəlməsi də məqsədəuyğun deyil. Bu perspektiv zəif görünür. Düşünürəm ki, ABŞ də bunu anlayır. Pəhləvi üzərindən plan qurmaq Vaşinqtonun Tehranla bağlı bütün layihəsinə ciddi zərbə vura bilər”.

media-inshot_20260304_165322557

Politoloqun fikrincə, ABŞ İranda seçkilər yolu ilə və xalqın istəyinə uyğun şəkildə yeni liderin hakimiyyətə gəlməsini dəstəkləyə bilər:

“Netanyahunun və Trampın verdiyi açıqlamalar əslində İranda yeni hakimiyyəti idarə edəcək fiqurun İran xalqının dəstəkləyəcəyi bir şəxs olacağı mesajını verir. Burada əsas müəmmalı məsələ isə etirazlar zamanı xalqın arxasınca gedəcəyi real liderin ortaya çıxmamasıdır. Bu istər hicabla bağlı aksiyalar zamanı, istərsə də yanvar ayındakı etirazlarda özünü göstərdi. Faktiki olaraq ortada lider yox idi. Bu da müəyyən suallar yaradır.

Belə olan halda əsas sual yaranır ki, rejim devrilərsə, hakimiyyətə kim gələcək? Əsas lider kim olacaq? Düşünürəm ki, bu sual ABŞ və İsrail üçün də açıq qalır. Yəni ABŞ əvvəlcə rejimin devrilməsini, daha sonra isə xalqın istədiyi şəxsin hakimiyyətə gəlməsini istəyir. Rejim devrilərsə, sonrakı mərhələdə Amerikanın dəstəyi ilə İranda demokratik seçkilərin keçirilməsi mümkündür və bu prosesdə real namizədlər ortaya çıxa bilər. Demokratik mübarizə nəticəsində xalqın dəstəklədiyi bir şəxs seçilə bilər”.

Həmsöhbətimiz ABŞ-nin İranın indiki Prezidenti Məsud Pezeşkian üzərindən də müəyyən planlar qura biləcəyini bildirib. Onun sözlərinə görə, bir vaxtlar rejimi qəbul etmək məcburiyyətində qalan Pezeşkian xalqın dəstəyini qazana biləcək fiqurlardan biri kimi də qiymətləndirilə bilər:

“Digər bir ehtimal isə Pezeşkian üzərindən düşünülür. Pezeşkian hazırda rejimin içindədir və son aksiyalar zamanı hakimiyyəti dəstəkləməsi müəyyən narazılıq yaratdı. Buna baxmayaraq, o seçkilərdə qalib gəlmiş bir siyasətçidir və müəyyən ictimai dəstəyə malikdir. Eyni zamanda o, radikal qanadı təmsil etmir.

Fikrimcə, rejim devrildikdən sonra xalqın içindən güclü liderlər ortaya çıxmazsa, Amerika Pezeşkian faktoru üzərində dayana bilər. Çünki İran Prezidentinin də bu prosesdə önə çıxması istisna edilmir”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər