media-img_1775755895_1492

Tibbi xidmətlərin göstərilməsi zamanı yol verilən yanlışlıqlar, səhv diaqnozlar və ya qeyri-peşəkar müdaxilələr nəticəsində vətəndaşların sağlamlığına zərər dəyməsi halları hüquqi müstəvidə ciddi şəkildə araşdırılan mövzulardandır.

Bəs həkim səhvinə görə kompensasiya almaq mümkündür?

Patrul.az mövzu ilə bağlı suallarımızı cavablandırmaq üçün 5 saylı Vəkil Bürosunun vəkili Asim Abbasova müraciət edib.

O bildirib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir:

“Yəni, tibbi müəssisəsi orada işləyən həkimlərin əməlləri üçün məsuliyyət daşıyır. Əgər klinikada çalışan həkim hər hansı səhv edirsə və bunun nəticəsində xəstəyə zərər dəyirsə, klinika bunun üçün məsuliyyət daşıyır. Klinika, öz növbəsində, həkimdən zərərin əvəzinin ödənilməsini tələb edə bilər (hüquq dilində bu “reqres hüququ” adlanır).

Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

Xəstəyə tibbi müdaxilədən əvvəl tibb müdaxilənin özü, riskləri və s. barədə öncədən məlumat verilməli, onun bu barədə razılığı alınmalı və bu hallar tərəflərin imzaladığı sənədlərlə rəsmiləşdirilməlidir”.

Pasiyent kompensasiya almaq üçün ilk olaraq hansı qurumlara müraciət etməlidir?

Hüquqşünasın sözlərinə görə, səhv diaqnoz (tibb işçisinin səhvi) nəticəsində kompensasiya almaq üçün pasiyent ilk olaraq diaqnozun qoyulduğu tibb müəssisəsinin rəhbərliyinə yazılı müraciət etməli, nəticə olmazsa, Səhiyyə Nazirliyinə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə və ya məhkəməyə müraciət edə bilər.

Tibbi səhv hallarında həkimin və tibb müəssisəsinin hüquqi məsuliyyəti necə bölüşdürülür?

media-img-20260610-wa0075

Müsahibimiz qeyd edib ki, tibbi səhv hallarında məsuliyyət əsasən tibb müəssisəsinin üzərinə düşür, çünki həkim müəssisənin əməkdaşı kimi fəaliyyət göstərir:

“Müəssisə pasiyent qarşısında mülki-hüquqi (təzminat) məsuliyyət daşıyır, həkim isə intizam və ya cinayət məsuliyyətinə cəlb edilə bilər. Əgər səhv həkimin birbaşa səhlənkarlığından baş veribsə, həkim də maddi məsuliyyətdə iştirak edə bilər.

Həkim işində baş vermiş səhlənkarlığa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314-cü maddəsi ilə məsuliyyət daşıyır”.

Qanunvericilikdə “tibbi səhv” anlayışı tibbi risklərdən necə fərqləndirilir?

A.Abbasov izah edib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi-nin (Civil Code) «hüquq pozulması» (delikt) anlayışı üzrə müddəaları tətbiq edilir: “mənəvi və ya maddi zərəri verməklə digər şəxsin hüquqla qorunan mənafelərinə zərər yetirən qəsdən və ya ehtiyatsızlıqla baş vermiş əməldir”.

Hüquqi mənbəyə görə: “Tibbi müalicə müəssisəsində sağlamlığa dəyən zərərə (əməliyyat, səhv diaqnoz və s.) görə kompensasiya ümumi qaydada ödənilir. Əgər zərərçəkmiş sübut edə bilsə ki, zərər onun öz günahından baş verməyib, onda məsuliyyət yaranır”.

Ləman Sərraf


Bənzər xəbərlər