media-inshot_20260219_173057324

Son illərdə sosial media platformalarının təsiri ilə bağlı müzakirələr Azərbaycanda da aktuallıq qazanıb. Xüsusilə gənclər arasında “TikTok”, “İnstagram” və digər platformalarda paylaşılan məzmunun etik və hüquqi sərhədləri tez-tez gündəmə gəlir. Qanunvericilik baxımından, hər bir paylaşımın məzmunu müəyyən qaydalar çərçivəsində qiymətləndirilir və açıq-saçıq və ya qeyri-etik videoların yayılması potensial olaraq ictimai əxlaq, uşaqların hüquqları və informasiya təhlükəsizliyi ilə bağlı məsələləri gündəmə gətirir.

Bəs belə məzmun paylaşan şəxslər Azərbaycan qanunları çərçivəsində hansı növ məsuliyyətə cəlb oluna bilər?

Bununla bağlı 30 saylı Vəkil Bürosunun vəkili Ramil Vəliyev Patruı.az-a öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə, sosial media platformalarında açıq-saçıq və qeyri-etik videolar paylaşmaq müəyyən məbləğdə cərimə və ya inzibati həbslə nəticələnə bilər:

“”TikTok”da “açıq-saçıq” və qeyri-etik görünən videoların paylaşılması məsuliyyətə səbəb ola bilər. Məsuliyyətin yaranması üçün paylaşımın məzmunu və təqdimetmə forması qanunda nəzərdə tutulan tərkiblərə uyğun gəlməlidir.

Son dəyişikliklərdən sonra İnzibati Xətalar Məcəlləsində “xırda xuliqanlıq” anlayışı internet mühitini də əhatə edəcək şəkildə genişləndirilib.

İXM-in 510.2-ci maddəsi internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “kütləvi nümayiş” zamanı ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə görə məsuliyyət müəyyən edir.

Bu hərəkətlərə əxlaqsız ifadələrin səsləndirilməsi, həmin məzmun təəssüratı yaradan jestlərin edilməsi və ya insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi daxil edilir. Belə halda 500-1000 manat cərimə tətbiq oluna, kifayət sayılmadıqda isə 1 ayadək inzibati həbs verilə bilər.

Eyni əməl 1 il ərzində təkrar törədilərsə, 510.3-cü maddə üzrə 1000-2000 manat cərimə və ya 1 aydan 2 ayadək inzibati həbs nəzərdə tutulur”.

media-inshot_20260219_172458005

R.Vəliyev qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 510.2–510.3-cü maddələrinə görə, ictimai mənəviyyata hörmətsizlik edən “kütləvi nümayiş” məsuliyyət yaradır:

“Qanun həmçinin vurğulayır ki, həmin hərəkətlər Cinayət Məcəlləsinə görə cinayət tərkibi yaradırsa, 510.2-510.3 inzibati qaydada deyil, cinayət qaydasında qiymətləndirilir.

Deməli, sosial şəbəkələrdə “açıq-saçıq” kontent paylaşan şəxs yeni qaydalarla artıq yalnız “ictimai yerdə davranış” deyil, onlayn “kütləvi nümayiş” kontekstində də məsuliyyət riski daşıyır. Burada açar meyar “kütləvi nümayiş” və “ictimai mənəviyyatı təhqir / açıq hörmətsizlik” qiymətləndirməsidir. Paylaşım sadəcə dəb və ya estetik çərçivədə qalsa, lakin bu meyarları aşmasa, 510.2-nin tətbiqi həmişə əsaslandırılmaya bilər”.

Vəkilin sözlərinə görə, uşaqların zərərli informasiyaya çıxışının qarşısını almamaq və qadağan edilmiş kontentin paylaşılması hüquqi məsuliyyəti artırır:

“Bununla yanaşı, internetdə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ayrıca inzibati xəta tərkibi kimi 388-1-ci maddədə nəzərdə tutulur.

388-1 daha çox qadağan edilmiş informasiya kateqoriyasına düşən materialların şəbəkədə yerləşdirilməsi və ya çıxarılması tələblərinə əməl edilməməsi hallarına tətbiq edilir.

Sosial şəbəkədə paylaşım pornoqrafiya və ya başqa qadağan informasiya kimi qiymətləndirilirsə, işin hallarından asılı olaraq 388-1 xətti gündəmə gələ bilər.

Uşaqların zərərli informasiyadan qorunması ilə bağlı tələblərin pozulması isə 388-2-ci maddə ilə inzibati məsuliyyət yarada bilər.

Xüsusən yaş məhdudiyyətinin nəzərə alınmaması və uşaqların asanlıqla çıxış əldə etdiyi mühitdə zərərli kontentin yayılması hüquqi riski artırır.

“”TikTok” kimi alqoritmik platformalarda kontentin “hamıya açıq” olması və geniş auditoriyaya çıxması bu riskləri praktik olaraq yüksəldir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər