media-inshot_20250916_122911187

Son illərdə sosial şəbəkə istifadəçilərinin sayı xeyli artıb. Xüsusilə də, “TikTok” gənclərin gündəlik həyatında əsas platformalardan birinə çevrilib. Lakin bu platformada tənqid və təhqir dolu ifadələr, əxlaqsızlıq, kriminallıq kimi mənfi hallar da geniş təbliğ olunur. Bu isə cəmiyyətin milli-mənəvi dəyərlərinə ciddi zərbə vurur və ictimai narazılığın yaranmasına səbəb olur.

Bəs “TikTok”da milli-mənəvi dəyərlərə zidd olan bu cür halların qarşısını almaq üçün hansı əsaslı tədbirlər görülməlidir?

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli bu barədə Patrulaz.az-a açıqlamasında bildirib ki, “Tiktok” da mənfi məzmunların qarşısını almaq üçün qanunvericilik təşəbbüslərinə və nəzarət mexanizmlərinin artırılmasına ehtiyac var:

“Sosial şəbəkələrdə, xüsusilə “Tiktok”da nifrət nitqi, zorakılıq, əxlaqsızlıq və kriminallığı təbliğ edən məzmunlar qarşı tez-tez rast gəlirik. İnsanların şərəf və ləyaqətini aşağılayan paylaşımlar, şər-böhtan tipli məlumatlar, dezinformasiyalar və feyk-nyuslar xeyli artıb. Bu isə həm fərdlərin, həm də bütövlükdə cəmiyyətin mənəvi mühitinə ciddi zərbə vurur. Bu amillər birləşərək milli-mənəvi dəyərlərə zidd hərəkətlərin daha geniş auditoriyaya çatmasına şərait yaradır.

Bu problem təkcə Azərbaycanda yox, demək olar bütün dünyada müzakirə olunur və ölkələr çıxış yolu axtarır”.

H. Heydərli “Tiktok”da neqativ yönümlü kontenlərin geniş yayılmasının da səbəblərini izah edib:

“Tiktok”da mənfi məzmunların artmasının bir neçə əsas səbəbi var. Bunlara platformanın sürətli yayılma imkanları, yetkinlik yaşına çatmayanların məhdudiyyətsiz istifadə imkanı, insanların məsuliyyətsiz davranışı və anonimlikdən sui-istifadə edilməsi aiddir. Bu səbəbdən düşünürəm ki, bu cür kontentlərin qarşısının alınması üçün qanunvericilik təşəbbüslərinə və nəzarət mexanizmlərinin artırılmasına ehtiyac var. Bir çox ölkədə çıxış yolu kimi cərimə və ya cinayət məsuliyyəti ön plana çıxarılır.

Ancaq düşünürəm ki, problemin həllini yalnız qadağalar və sərt cəza tədbirlərində görmək düzgün olmaz. Çünki bu, həm ifadə azadlığının məhdudlaşdırılması ilə bağlı narahatlıqlar yarada bilər, həm də sosial medianın gənclər üçün faydalı imkanlarını arxa plana ata bilər. Ona görə də, yanaşma kompleks olmalıdır: Qanunvericilikdə boşluqlar aradan qaldırılmalı, dövlət qurumları ilə platformalar arasında əməkdaşlıq gücləndirilməli, ictimai nəzarət artırılmalı, təhsil müəssisələrində media savadlılığına xüsusi diqqət yetirilməlidir”.

Ekspert təhsil müəssələrində media savadlılığı dərslərinin keçirilməsinin vacibliyini vurğulayıb:

“Ən əsası isə “maarifləndirmə işləri genişləndirilməlidir. Məktəblərdə və ali təhsil müəssisələrində media savadlılığı dərsləri keçirilməli, gənclər internetdə zərərli məzmunlardan qorunma yolları ilə tanış edilməlidir.

Bu tədbirlər kompleks şəkildə və birlikdə həyata keçirilərsə, sosial şəbəkələrdə mənfi məzmunların təsirini azaltmaq və cəmiyyət üçün daha sağlam informasiya mühiti formalaşdırmaq mümkün olar”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər