TikTok trendləri uşaqlar üçün təhlükəlidirmi?
Milyonlarla baxış, saniyələr içində yayılan trend və görünməyən təhlükələr… TikTok artıq təkcə rəqs və əyləncə platforması deyil. O, bir çox uşağın və yeniyetmənin həyatını formalaşdırır, bəzən isə təhlükəyə atır. Bəs uşaqlar bu sürətli axının içində hansı risklərlə üz-üzə qalır?
Patrulaz.az mövzu ilə bağlı araşdırma edib.
Əyləncə, yoxsa emosional manipulyasiya?
TikTok trendləri əksər hallarda zarafat, “challenge” və vizual effektlərlə doludur. Ancaq bu sadə görünən videoların arxasında beyinə təsir edən manipulyativ elementlər gizlənir:
• Davranış təqlidi: Uşaqlar izlədiklərini düşünmədən təkrar edir.
• Fərqlənmək təzyiqi: Trendlərə qoşulmadıqda özlərini kənarda hiss edirlər.
• Bəyənilmə ehtiyacı: Video paylaşmaq və çox baxış almaq bir “asılılıq halı”na çevrilir.
Təhlükəli trendlər: Sadəcə oyun deyil
Son illərdə bir neçə real və ölümcül hadisə beynəlxalq medianın gündəminə çevrildi:
“Benadryl Challenge” (ABŞ): Allergiya dərmanından yüksək dozada istifadə edərək halüsinasiyalar görmək trendə çevrilmişdi. Nəticədə 15 yaşlı bir qız həyatını itirdi.
“Blackout Challenge” (İtaliya və ABŞ): Özünü boğaraq şüur itkisini təqlid etmək. 10 yaşlı qız bu trendə qoşularkən həyatını itirdi.
“Deodorant Freeze” (Avstraliya): Bədənə uzun müddət sprey vurmaqla yanıq izləri yaratmaq. 15 yaşlı qızın dərisi ciddi şəkildə zədələndi.
“NyQuil Chicken” trendi: Dərmanla toyuq bişirmək. Həm gülməli görünür, həm də təhlükəlidir. Nəticədə zəhərlənmə halları yaşanmışdı.Bu hadisələr sadəcə statistik yox, ailələrin real faciələridir.
Psixoloji nəticələr: Sürətli videolar, yavaş beyin
Araşdırmalara görə, TikTok-un sürətli, qısa videoları uşaqların diqqətini idarə etmə qabiliyyətini zəiflədir. Amerikalı nevroloq Dr. Julie Albright bildirir ki, TikTok-un 15-30 saniyəlik impulsiv videoları, uşaqların uzun müddətli diqqət saxlama bacarığını zəiflədir və onları daim stimula ehtiyac duyan hala gətirir.
Eyni zamanda, psixoloqlar qeyd edir ki, sosial mediada müqayisə mədəniyyəti uşaqlarda özgüvən və bədən görüntüsü ilə bağlı narahatlıqları artırır.
Valideyn nə etməlidir?
1. Təhlükəli trendlər barədə maarifləndirmə: Açıq və sərhədsiz danışıq çox şeyin qarşısını ala bilər.
2. TikTok-da vaxt məhdudiyyəti və yaşa uyğun məzmun filtrləri tətbiq olunmalıdır.
3. Alternativlər təklif etmək: Sənət, idman, musiqi kimi sahələrə yönəltmək uşağın virtual mühitə bağlılığını azalda bilər.
4. Məzmuna birgə baxmaq: Nə izlədiklərini görmək, həm də izah etmək üçün fürsət yaradır.
Beynəlxalq səviyyədə nə kimi tədbirlər görülür?
İtaliya: 10 yaşlı qızın ölümündən sonra TikTok-a giriş məhdudlaşdırıldı, yaş təsdiqləmə tədbirləri gücləndirildi.
Fransa və Almaniya: TikTok-un uşaqlar üzərindəki təsiri ilə bağlı dövlət səviyyəsində araşdırmalar başladı.
ABŞ: Konqres TikTok-un məxfiliyi və psixoloji təsiri ilə bağlı dinləmələr təşkil edib. Bəzi ştatlar isə 13 yaşından aşağı uşaqlar üçün sərt məhdudiyyətlər qoyub.
Azərbaycan: Hələ rəsmi məhdudiyyətlər yoxdur, amma ictimai müzakirələrdə bu problem artıq yer almağa başlayıb.
TikTok özü təhlükəli deyil, amma…
Nəzarətsiz və məqsədsiz istifadə olunduqda həm psixoloji, həm fiziki cəhətdən təhlükə yarada bilir. Ən vacib məsələ uşağa qadağa qoymaq deyil, onunla güvən üzərində qurulmuş münasibət yaradaraq, texnologiya ilə sağlam əlaqə qurmasına yardım etməkdir.
Ləman Sərraf






