media-inshot_20260422_195759176

Dünən İran, ABŞ və İsrail arasında 8 apreldə Pakistan vasitəçiliyi ilə əldə olunmuş atəşkəsin müddəti bitdi. Lakin ABŞ Prezidenti Donald Tramp yenidən gözlənilməz addım ataraq atəşkəsin müddətini uzadıb.

Atəşkəs uzadılsa da, Tramp ABŞ ordusuna İran limanlarının dəniz blokadasını davam etdirmək və tam döyüş hazırlığı vəziyyətində qalmaq barədə tapşırıq verib. O bildirib ki, atəşkəs İran tərəfi vahid təklif təqdim edənə və müzakirələr yekunlaşana qədər qüvvədə qalacaq. İran tərəfi isə Vaşinqtondan atəşkəsin uzadılması ilə bağlı hər hansı sorğu və ya xahiş etmədiyini bildirib.

Maraqlıdır ki, Trampın bu gözlənilməz qərarının arxasında nə dayanır?

Bu barədə Patrul.az-a politoloq Tofiq Abbasov öz fikirlərini bölüşüb. Onun fikrincə, Trampın bu addımı atmasında əsas məqsəd İranın artıq potensialını görməsidir:

“Körfəzdəki vəziyyət həddən artıq gərgindir. Çünki orada xeyli sayda silah-sursat, üzən gəmilər, pilotsuz katerlər var. Bunların hamısı gərginliyi maksimal dərəcədə artırır və göstərir ki, hərbi eskalasiya potensialı qalmaqdadır. Fikrimcə, Trampın atəşkəsin müddətini uzatması müəyyən mənada geriyə atılmış addım da ola bilər. Çünki ABŞ artıq başa düşür ki, İran bu prosesdə mütəşəkkil, səfərbər olunmuş qüvvə kimi çıxış edir. Baxmayaraq ki, ABŞ-nin silah-sursatı həddən artıq çoxdur, potensialı da nəhəngdir. Amma Tramp özgə meydançasına gəlir, yəni bu onun meydanı deyil, ABŞ-nin də zəif nöqtələri var”.

Politoloqun sözlərinə görə, İranın əleyhinə yazılar yazan medialar onu gücsüz göstərməyə çalışsa da, reallıqlar fərqlidir:

“Nə qədər ki, ABŞ-nin mətbuatı, Ağ Evin sözçüsü, İrana düşmənçiliklə yanaşan qüvvələr, o cümlədən İsrail mətbuatı İranı darmadağın etmək mövzusunu gündəmdə saxlayırlar, ABŞ hərbçiləri əvvəldən İrana qarşı əməliyyatın əleyhinə olublar.

“Düzdür, ABŞ-nin müdafiə naziri Pete Hegseth də “hə” deyib, amma komandanın daxilində hələ 2017-ci ildən aparılmış hesablamalar və monitorinqlərin nəticələrinə əsaslanan peşəkar kadrlar başa düşürdülər ki, İranla müharibə asan olmayacaq.

Birincisi, onun nəticəsi bəlli deyil. İran həddən artıq hərbi güc səfərbər edib. Digər tərəfdən onun döyüş potensialı böyükdür. Ona görə də indiki şəraitdə Tramp qırmızı xəttin önündə dayanıb, amma onu keçməyə cürət etmir”.

İranın getdikcə gücləndiyini deyən həmsöhbətimiz bildirir ki, Tramp da məhz buna görə daha yumşaq addımlar atmağa çalışır:

“Qeyd etdiyim kimi, atəşkəslə bağlı verilmiş qərar geriyə addım kimi də qiymətləndirilə bilər. Çünki Tramp İrana təkliflərini də verib. Danışıqlar onsuz da nəticə verməyəcək. Amma burada bir həqiqət var: ABŞ tərəfindən irəli sürülən tələblərin heç biri İran tərəfindən məqbul sayılmır. Onlar bildirirlər ki, “biz nə uranı verəcəyik, nə raket proqramını dayandıracağıq, nə də bizə müttəfiq olan qüvvələrdən əl çəkəcəyik”. O cümlədən İran hakimiyyətindəki dəyişikliklərin də Vaşinqtona aidiyyəti olmadığını bildirirlər.

Hesab edirəm ki, bu proseslərdə ABŞ özünü böhranlı vəziyyətə salıb və başa düşür ki, burada ikibaşlı vəziyyət yaranıb. Əgər mövcud vəziyyəti təhlil etsək, İranın üstünlüyünün getdikcə artdığını görərik. Bir tərəfdən Livana qarşı İsrailin təcavüzkar siyasətinə şəxsən Tramp qadağa qoydu, digər tərəfdən isə İranla bağlı İsrailə onun icazəsi olmadan heç bir addım atmaması barədə xəbərdarlıq edib”.

media-inshot_20260422_194433908

T. Abbasov İranın hələ ABŞ-yə qarşı istifadə etmədiyi silahlardan da bəhs edib:

“İranda gecədən səhərə qədər insanlar yatmır, izdihamlı mitinqlər keçirilir. Onlar hakimiyyətlə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və elitaya öz vəhdətlərini nümayiş etdirirlər. İran gecə yarısı “Xürrəmşəhr” adlı raketlərindən birini Tehranın mərkəzi meydanına çıxarmaqla qarşı tərəflərə bir daha mesaj verdi ki, “biz hələ əsas silah növlərimizdən istifadə etməmişik. Əgər siz qırmızı xətti keçsəniz, nəticələrinə hazır olun””.

Politoloq mövcud proseslərin gedişində törədilmiş cinayətlərə görə məhkəməyə çağırılan, lakin oraya getməyən Benyamin Netanyahunun taleyinin də müəyyən olunacağını qeyd edib:

“Burada daha çox İsrailin üzərində böyük bir təzyiq var. Baxmayaraq ki, İsrailin baş naziri Benyamin Netanyahu gecə-gündüz “mən qalibəm” deyir. Onun bu çıxışları reallığı dəyişmir. Düzdür, o, hələlik əsas məsələlərini idarə edə bilir. Netanyahunun İsrail məhkəməsinə getməsi sual altındadır. Çünki regiondakı vəziyyət buna imkan vermir. O, fəaliyyətdə olan baş nazir kimi məhkəməyə getməyə bilər. Amma əvvəl-axır müharibə dayanacaq və sülh əldə olunacaq. O zaman Netanyahu da cavab verəcək”.

Şərhçi qeyd edib ki, Tramp İranla müharibəyə başlamasında İsrail tərəfindən təhrik edildiyini anlayıb və indi bu vəziyyətdən çıxmağa çalışır:

“Hazırda ABŞ və İsrail arasında müəyyən soyuqluq var. Xüsusən də Donald Tramp başa düşdü ki, Tel-Əvivin təsiri ilə İranla müharibəyə başladı və ona verilmiş vədlərin heç biri reallaşmadı. Söhbət İsrailin müharibənin əvvəlində İranda hakimiyyət dəyişikliyi olacağı ilə bağlı Ağ Evi inandırmasından gedir. Vaşinqton bu məsələdə səhv hesablamalar etdi və nəticədə özünü çətin vəziyyətə saldı. İndi isə ABŞ üçün bu vəziyyətdən çıxış yolu tapmaq mürəkkəb məsələdir. Ona görə də Tramp İrana qarşı müəyyən kompromislərə gedir və atəşkəs rejiminin uzadıldığını bəyan edir.

Burada iki çıxış yolu var: ya ABŞ açıq şəkildə İrana irəli sürdüyü tələblərdən geri çəkilməlidir, ya da toqquşmalar yenidən baş verəcək. Bu isə hər iki tərəf üçün ciddi itkilərə səbəb olacaq. Əgər müharibə yenidən başlasa, İran ballistik raketlərlə ABŞ-nin aviadaşıyıcılarına zərbələr endirə bilər. Bu zərbələrin qarşısını almaq isə çətindir, çünki söhbət hipersəsli raketlərdən gedir. Bu raketlərə qarşı hava hücumundan müdafiə sistemləri də yetərli olmaya bilər. Odur ki, hazırda tərəflər arasında mürəkkəb və dolaşıq vəziyyət hökm sürür. Bu, sözün əsl mənasında hərbi-siyasi böhrandır. Çıxış yolu isə liderlərin qətiyyətindən və siyasi iradəsindən asılı olacaq”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər