Trampın yaxın günlərdə İrana qoşun yeritməsi... - ŞƏRH
İranda 28 dekabr tarixində başlayan etiraz aksiyalarında ölənlərin sayı 500-ü keçib, 48 təhlükəsizlik qüvvəsi isə həlak olub. İki həftə davam edən aksiyalar zamanı 10.600-dən çox insan həbs edilib.
Aksiyanın 15-ci günündə bələdiyyə binası yandırılıb, Londondakı səfirlik isə daş-qalaq edilib. Ölkə Prezidenti Məsud Pezeşkian iğtişaşlarda həlak olanlarla bağlı üç günlük milli matəm elan edib. Sosial şəbəkələrdə etirazlardan yerdə meyitlərin olduğu dəhşətli görüntülər yayımlanmağa davam edir. Etirazlara səbəb milli valyutanın sürətlə dəyərdən düşməsi və ölkədəki ağır iqtisadi vəziyyətdir.
Bir çox dövlət başçıları da İranda baş verən etirazlara dəstək verir. Belə ki, ABŞ Prezidenti Donald Tramp etirazçıları dəstəklədiyini və onlara qarşı müqavimətin kəskinləşəcəyi təqdirdə İran hökumətinə sərt reaksiya verəcəyini açıqlayıb. Trampın sözlərinə görə, İran ABŞ-nin müəyyən etdiyi “qırmızı xətti”ni keçib. Yanvarın 13-də isə Trampın İrandakı etirazlarla bağlı planlarını açıqlayacağı gözlənilir. Prezidentin sözlərinə görə, İran rəhbərliyinin nümayəndələri yanvarın 10-da ona zəng edərək nüvə ilə bağlı danışıqlar aparmaq istədiklərini söyləyib.
Bəs maraqlıdır ki, Venesuelanın Prezidenti Nikolas Maduronun həyat yoldaşı ilə birlikdə evində yatdıqları yerdən götürən Tramp İrana da yaxın günlərdə hərbi müdaxilə edə bilərmi?
Bu barədə Patrul.az-a açıqlama verən politoloq Tural İsmayılovun fikirlərini öyrəndik.
Onun fikrincə, Tramp həmişə olduğu kimi İrana qarşı “təzyiq” siyasəti yürüdür və yaxın vaxtlarda ölkəyə birbaşa hərbi müdaxilə gözlənilən deyil:
“Donald Trampın İrandakı etirazlara dəstək ifadələri və hökumətə qarşı “sərt reaksiya” bəyanatları onun ardıcıl İran siyasətinin davamıdır, lakin birbaşa hərbi müdaxilə ehtimalı hazırkı şəraitdə məhdud görünür.
Trampın İran siyasəti “maksimal təzyiq” strategiyasına əsaslanır: sanksiyalar, diplomatik təcrid və demokratik dəyişikliyə dəstək. 2020-ci ildə general Qasım Süleymaninin zərərsizləşdirilməsi kimi əməliyyatlar onun qəti addımlar atmağa hazır olduğunu nümayiş etdirsə də, genişmiqyaslı quru əməliyyatı heç vaxt prioritet olmayıb. Trampın yanaşması daha çox strateji məqsədlərə minimal insan itkisi ilə nail olmağa yönəlib. İrana genişmiqyaslı hərbi müdaxilə ciddi geopolitik nəticələr doğurar”.

Politoloq vurğulayıb ki, Tramp hərbi riskləri azaltmaq məqsədilə İranı daxildən zəiflətmək üçün alternativ üsullara əl atır:
“Hizballahın Livandan, Həşdi-Şəəbinin İraqdan, Husilərin Yəməndən potensial cavab hücumları, Hörmüz boğazında gərginlik və regional qeyri-sabitlik risqləri mövcuddur. ABŞ-nin 2003-cü il İraq təcrübəsi uzunmüddətli stabilləşdirmə əməliyyatlarının mürəkkəbliyini göstərmişdir. ABŞ daxilində həm Konqresdə, həm də ictimaiyyətdə yeni böyük Yaxın Şərq əməliyyatlarına ehtiyatlı yanaşma mövcuddur. İran 85 milyon əhalisi, 1,6 milyon silahlı qüvvəsi və mürəkkəb dağlıq relyefi ilə əhəmiyyətli hərbi potensial təşkil edir.
Trampın “sərt reaksiya” strategiyası daha çox çoxtərəfli yanaşmanı əhatə edə bilər: hədəfli kibertəhlükəsizlik əməliyyatları, demokratik hərəkatlara texnoloji və kommunikasiya dəstəyi, kritik hərbi obyektlərə məhdud dəqiq zərbələr, sanksiya mexanizmlərinin genişləndirilməsi və regional tərəfdaşlarla koordinasiyanın gücləndirilməsi. Bu alətlər tam hərbi əməliyyatın risklərini azaltmaqla məqsədə çatmağa imkan verir”.
T.İsmayılovun fikrincə, ölkədəki aksiyalara digər dövlətlərin dəstəyi bəzi dəyişikliklərə yol aça bilər:
“İranda etirazların gələcəyi əsasən daxili proseslərdən asılıdır: iqtisadi vəziyyət, demoqrafik dinamika, gənclərin sosial tələbləri və dövlət strukturlarının reaksiyası. Beynəlxalq dəstək bu prosesləri sürətləndirə bilər, lakin həlledici amil deyil. Trampın mövqeyi İran xalqına əxlaqi dəstək və rejimə qarşı beynəlxalq təzyiqin artırılması kimi başa düşülməlidir. Deməli, ABŞ-nin İrana tam hərbi müdaxiləsi qısamüddətli perspektivdə az ehtimallıdır, strateji təzyiq və diplomatik-iqtisadi alətlərin istifadəsi isə davam edəcək”.
Gülbəniz Səfərova






