media-inshot_20260427_183005897

25 apreldə Trampın da iştirak etdiyi Vaşinqtonda yerləşən “Hilton Hotel”də “Ağ Ev Müxbirləri üçün təşkil olunan qala şam yeməyi zamanı silahlı atışma baş verib. Silahlı şəxs zala girməyə cəhd edib və atəş açaraq gizli xidmət zabitini yaralayıb.

Görəsən, Trampa qarşı edilən bu sui-qəsdin arxasında nələr dayanır?

Patrul.az mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Badamovun fikirlərini öyrənib.

Onun sözlərinə görə, 25 aprel tarixində Vaşinqtonda keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulu zamanı Donald Trumpın da iştirak etdiyi bir mühitdə baş vermiş silahlı insident, dövlət başçılarının və ümumilikdə yüksək vəzifəli şəxslərin təhlükəsizliyi məsələsini yenidən diqqət mərkəzinə gətirir:

“Terror halları ilə üzləşmiş bir ölkə olaraq bu cür hadisələri qətiyyətlə pisləmək və onlara qarşı prinsipial mövqe nümayiş etdirmək vacibdir.

Bu kimi hadisələr bir daha göstərir ki, müasir dünyada tam təhlükəsiz məkan anlayışı nisbidir. Hətta ən güclü təhlükəsizlik sistemlərinə malik ölkələrdə belə, gözlənilməz təhlükələr və fərdi zorakılıq aktları baş verə bilər. ABŞ kimi ölkələrdə dövlət başçılarının təhlükəsizliyi peşəkar qurumlar tərəfindən yüksək səviyyədə qorunsa da, risklərin tamamilə sıfırlanması mümkün deyil. Bu isə təhlükəsizlik strategiyalarının daim yenilənməsini və potensial təhdidlərin daha dərindən analiz edilməsini zəruri edir”.

media-inshot_20260427_183027523

Hadisənin arxasında kimlərin dayanması məsələsinə gəldikdə isə, millət vəkili, bu barədə qəti nəticəyə gəlmək üçün istintaqın yekun nəticələrini gözləməyin ən düzgün yanaşma olduğunu qeyd edib:

“Belə hallarda ilkin məlumatlar, xüsusilə sosial mediada yayılan xəbərlər, çox vaxt natamam və ya yanlış ola bilər. Rəsmi araşdırma orqanlarının təqdim edəcəyi faktlar və sübutlar hadisənin motivlərini, iştirakçılarını və mümkün əlaqələrini daha aydın şəkildə ortaya qoyacaq.

Bununla yanaşı, ümumi siyasi və sosial konteksti nəzərə alaraq müəyyən ehtimallar üzərində düşünmək mümkündür. Donald Trumpın fəaliyyəti ABŞ cəmiyyətində uzun müddətdir ki, kəskin müzakirələr və fikir ayrılıqları doğurur. Onun siyasətini dəstəkləyənlərlə yanaşı, ciddi şəkildə tənqid edən və narazılığını açıq ifadə edən geniş bir kütlə də mövcuddur. Bu cür narazı bir mühitdə fərdi radikallaşma halları istisna edilmir”.

“Əgər hücum sadə bir ov tüfəngi olunubsa , hadisənin arxasında böyük və yaxşı təşkilatlanmış bir qrupdan çox, fərdi motivlərlə hərəkət edən bir şəxsin dayanması ehtimalını artırır. Adətən təşkilatlanmış qruplar tərəfindən planlaşdırılan sui-qəsd cəhdləri daha kompleks, koordinasiyalı və peşəkar şəkildə icra olunur. Hadisənin dəqiq səbəblərini isə istintaq prosesi başa çatandan sonra məlum olacağını və bunla bağlı mətbuata məlumat veriləcəyini hesab edirəm”,– deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər