"Trampın planı Qəzzada sülhün bərpasına yönəlib" - Sədrəddin Soltan
Qəzzada 67 mindən çox insanın həyatına son qoyan HƏMAS-İsrail müharibəsi hələ də davam edir. Artıq 3 ildir ki, bir-birlərinə hücumlar təşkil edən tərəflər danışıqlar masasına otura bilmirlər. Bir neçə münaqişəni diplomatik yolla həll edən ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin sentyabrın 29-da – müharibənin 3-cü ilində Qəzza üçün 20 bənddən ibarət sülh planını təqdim edib. Sənədə əsasən, Fələstinin HƏMAS silahlı qruplaşması tərkisilah olunmalı, girovlar azad edilməli, İsrail qüvvələri ərazidən geri çəkilməli və bölgədə atəşkəs Trampın nəzarəti altında təmin edilməlidir. Bəs Trampın bu planı Qəzzada atəşkəsə gətirib çıxara bilərmi?
Məsələ ilə bağlı Patrulaz.az-a açıqlama verən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, Trampın təqdim etdiyi plan regionda sülhün bərpasına yönəlib. Politoloqun sözlərinə görə, əgər plan HƏMAS tərəfdarları tərəfindən dəstəklənsə, Qəzzada sülh üçün yeni bir mərhələ başlaya bilər:
“Tramp planı həm İsrail, həm də HƏMAS üçün nəzərdə tutulub. Bu planı İsraillə yanaşı, regiondakı ərəb ölkələri, hətta Türkiyə belə dəstəkləyir. Bu o deməkdir ki, HƏMAS-ın dəstəkçikiləri regionda atəşkəs və sülhün, o cümlədən girovların azad edilməsini dəstəkləyirlər”.

Politoloq Trampın planı təqdim etdikdən sonra HƏMAS-a ünvanladığı xəbərdarlığı da xatırladaraq qeyd edib ki, istənilən halda əldə olunacaq sülh Qəzzadakı vəziyyəti yaxşılaşdıra bilər:
“Ötən gün Trampın HƏMAS-a açıq şəkildə verdiyi bəyanata görə, atəşkəsə əməl olunmasa, girovlar sərbəst buraxılmasa, onlara qarşı sərt hücuma keçiləcək. Ümumiyyətlə, regionda istənilən sülh danışıq prosesi Qəzzada qırğınları dayandırır. Tramp planı da bu məqsədi daşıyır. Əgər gələcəkdə HƏMAS-ı açıq və gizli şəkildə müdafiə edənlər sözügedən planı dəstəkləyərlərsə, o zaman Qəzzada insan ölümlərinin qarşısı alınar”.
Gülbəniz Səfərova






