"Trampın sülh planı müvəqqəti razılaşmadan o tərəfə keçməyəcək" - ŞƏRH
Son günlər Yaxın Şərqdə vəziyyətə diqqət bir qədər də artıb. İsrail və HƏMAS Donald Tramp tərəfindən təqdim olunan 20 bəndlik sülh planının birinci mərhələsini qəbul edib. Bu addım regionda gərginliyin azaldılması istiqamətində mühüm siyasi siqnal kimi qiymətləndirilir.
Bütün bunlara baxmayaraq, tərəflər arasında dərin ziddiyyətlərin qalması sülh prosesinin nə qədər davamlı olacağına dair suallar yaradır.
Bəs bu razılaşma Yaxın Şərqdə uzunmüddətli atəşkəsin başlanğıcı ola bilərmi?
Politoloq Samir Hümbətov Patrulaz.az -a açıqlamasında bildirib ki, İsrail və HƏMAS arasında əvvəllər də oxşar razılaşmalar əldə olunsa da, tərəflər yenidən münaqişəyə başlayıblar. Politoloqun fikrincə, bu səbəbdən uzunmüddətli atəşkəsin əldə olunması real görünmür:
“Sülhdən və ya atəşkəsdən danışmaq o qədər asan məsələ deyil, xüsusilə də İsrail və HƏMAS arasında. Çünki tərəflərin imzaladığı anlaşma müvəqqəti xarakter daşıyır. Bu, 20 maddədən ibarət olan atəşkəs anlaşmasıdır və bundan əvvəlki dövrlərdə də tərəflər arasında qəbul edilmişdi. Amma qısa müddətdən sonra pozulmuşdu. Ona görə də düşünmürəm ki, atəşkəs uzunmüddətli və effektiv olacaq. Yəni ola bilər ki, orada cəsədləri götürmək, girovların qaytarılması və s. məsələlər üçün bu proses davam etsin. Amma bunu son nəticədə uzunmüddətli sülhə gətirəcəyini düşünmürəm. Çünki tarixi təcrübə və təhlillər göstərir ki, bu günə qədər vəziyyət belə olub.
Ola bilər ki, müvəqqəti olaraq müəyyən müddətə qədər bu proses davam etsin. Bir müddətdən sonra yenidən atəşkəs pozula bilər, çünki tərəflərin aqressiyaları toqquşur. Hər tərəf bildirir ki, HƏMAS-ın ərazisi ona məxsusdur. Belə olduqda, uzunmüddətli atəşkəsin real görünməsi çətindir. Ona görə də Yaxın Şərqdə uzunmüddətli atəşkəsin olacağı hələ ki, gözlənilmir”.
Cəmilə Cəfərzadə






