media-inshot_20260303_140052450

“Hazırda dünyada bir neçə regional münaqişə eyni vaxtda davam edir və bu, beynəlxalq təhlükəsizlik üçün təbii olaraq ciddi siqnallar doğurur. Yaxın Şərqdə İran-İsrail-ABŞ qarşıdurması, Ukrayna-Rusiya müharibəsi, eləcə də Afrikada və Cənub-Şərqi Asiyada lokal toqquşmalar qlobal diqqəti daima bu regionlara yönəldir. Belə bir vəziyyətdə Üçüncü Dünya Müharibəsinin başlama ehtimalı haqqında danışarkən bir neçə ehtimalı nəzərdən keçirmək lazımdır. 

Əvvəlcə mövcud regional qarşıdurmaların qlobal təsirinə baxmaq lazımdır”.

Bu fikirləri Patrul.az-a açıqlamasında politoloq Rəşad Bayramov səsləndirib.

O bildirib ki, Yaxın Şərqdə hərbi eskalasiya yalnız bir neçə ölkəni deyil, enerji marşrutlarını, ticarət yollarını və beynəlxalq maliyyə sistemini də təsir altına alır:

“Ukrayna-Rusya konflikti isə Avropada geosiyasi və strateji balansı pozur, NATO üzvlərinin hərbi planlarını yenidən formalaşdırır. Afrika və Cənub-Şərqi Asiyada vətəndaş müharibələri, proksi qarşıdurmalar və silahlı qrupların artması regional gərginliyi gücləndirir. Bütün bunlar bir-birindən fərqli olsa da, qlobal ssenari üçün bir risk qrupu yaradır.

İkinci əsas faktor nüvə silahı və strateji təzyiq və qorxuzma müxanizmidir. Böyük nüvə gücləri – ABŞ, Rusiya, Çin – qarşılıqlı nüvə qarşısıalma doktrinası ilə hərəkət edir. Bu, böyükmiqyaslı müharibənin başlamasının ehtimalını azaldır, çünki hər hansı yanlış addım qlobal fəlakət riskini yaradır. Həmçinin qlobal iqtisadi inteqrasiya və enerji asılılığı, beynəlxalq ticarət şəbəkələri və maliyyə bazarları belə bir müharibənin maliyyə və iqtisadi cəhətdən də səmərəsiz olacağını göstərir. Yəni strateji balans və iqtisadi bağlılıq böyük dövlətləri ehtiyatlı hərəkət etməyə sövq edir”.

media-inshot_20260303_135807182

R.Bayramovun fikrincə, Üçüncü Dünya Müharibəsinin başlama ehtimalını artıran əsas amillərdən biri isə regional gərginliklərin “qırmızı xətləri”dir:

“Nüvə silahına malik və ya strateji mövqedə olan regionlarda, məsələn, Koreya Yarımadası və Yaxın Şərqdə lokal qarşıdurmalar qlobal eskalasiyaya çevrilə bilər. Eyni zamanda, böyük dövlətlərin proksi müharibələri, etnik və ideoloji qarşıdurmalar da gərginliyi sürətləndirə bilər.

Hazırkı vəziyyətin qiymətləndirilməsi göstərir ki, Üçüncü Dünya Müharibəsinin başlaması ehtimalı praktik baxımdan aşağıdır. Nüvə amili, iqtisadi bağlılıq və strateji balans bu ehtimalı məhdudlaşdırır. Orta və uzun müddətli perspektivdə isə risklər artmış sayılır. Lokal münaqişələrin domino effekti, yanlış hesablamalar və qeyri-sabit rəhbərlik dəyişiklikləri qlobal qarşıdurmanı sürətləndirmək potensialına malikdir”.

“Odur ki, dünyada mövcud müharibələr və regional gərginliklər qlobal siyasəti qeyri-sabit etsə də amma hələ ki, böyükmiqyaslı qlobal müharibənin ehtimalı aşağıdır. Əsas təhlükə ondadır ki, kiçik səhvlər, yanlış strateji qərarlar və lokal toqquşmalar qlobal eskalasiyaya yol aça bilər. Başqa sözlə desək, Üçüncü Dünya Müharibəsinin başlama ehtimalı birbaşa real addımlardan çox, strateji səhvlər və yanlış hesablamalardan asılıdır. Bu səbəbdən beynəlxalq ictimaiyyət və böyük dövlətlər üçün prioritet diplomatiya, regional balansın qorunması və böhranların vaxtında idarə olunması olmalıdır”,- deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər