"Ucuz silikon qablar isti ilə təmasda zərərli maddə buraxa bilər" - Mübariz Vəliyev
Mətbəxlərdə geniş yayılan silikon qabların və qaşıqların isti yeməklərlə təması bir çox insanı düşündürür. Yüksək temperaturda bu materialların tərkibinin dəyişməsi və zərərli maddələrin qidaya keçmə ehtimalı ciddi narahatlıq yaradır.
Bəs insanlar bu narahatlıqlarında nə dərəcədə haqlıdır?
Mövzu ilə bağlı Patrul.az-a danışan qida eksperti Mübariz Vəliyev aydınlıq gətirib ki,silikon plastik deyil:
“O, əsasən silisium və oksigendən ibarət olan sabit bir materialdır. Bu da onu adi plastiklərdən daha təhlükəsiz edir. Keyfiyyətli silikon məhsullar adətən, 200-250°C, bəzən daha çox temperatura dözür,ərimir, forması dəyişmir və kimyəvi olaraq sabit qalır. Yəni normal istifadə zamanı (bişirmə, qarışdırma və s.) zərərli maddə buraxma ehtimalı çox aşağıdır”.

Əsas məsələnin keyfiyyət və saxta məhsullar olduğunu söyləyən ekspert qeyd edib ki, ucuz və keyfiyyətsiz silikon olduqda,tərkibində doldurucu maddələr (fillers) olur:
“Həmçinin isti ilə təmasda qoxu verə və maddə buraxa bilər. Həddindən artıq temperaturda 250-300°C-dən yuxarı temperaturda struktur zəifləyə bilər. Xüsusilə birbaşa alovda istifadə risklidir. Köhnəlmiş və zədələnmiş qablarda isə çatlamış, yapışqanlaşmış silikon artıq təhlükəsiz sayılmır.
Araşdırmalar göstərir ki,qida dərəcəli silikon (food-grade silicone) istifadə olunursa, qidaya keçən maddə miqdarı minimum və təhlükəsiz həddən aşağıdır. Bu material bir çox ölkədə (ABŞ, Avropa) qida ilə təmas üçün təsdiqlənib”.
M.Vəliyev özümüzü qorumağın yollarından da söz açıb:
““Food-grade” və ya sertifikatlı məhsul almalı, ilk istifadədə qaynar suda yumalı və eyni zamanda kəskin qoxu verirsə istifadə etməməliyik:
Həmçinin birbaşa alov üzərində istifadə etməkdən çəkinməli və çox ucuz, markasız məhsullardan uzaq durmaq lazımdır.
Ümumilikdə insanların narahatlığı tam əsassız deyil, amma,problem silikonun özündə yox, keyfiyyətsiz məhsullardadır.
Keyfiyyətli silikon qablar düzgün istifadə olunarsa, təhlükəsiz sayılır”.
Ləman Sərraf






