USAİD-in Missiyası: Yardım, yoxsa Geosiyasi Alət?
Azərbaycan və ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi olan USAİD arasında münasibətlər zamanla gərginləşib. Azərbaycan hakimiyyəti uzun illərdir ki, USAİD-in fəaliyyəti ilə bağlı narahatlığını ifadə edirdi. Bu təşkilatın humanitar fəaliyyət adı altında ölkədə siyasi proseslərə müdaxilə etməsi, ictimai qarşıdurmaları təşviq etməsi və Ermənistanı açıq şəkildə dəstəkləməsi ilə bağlı faktlar da var. Azərbaycan rəsmiləri USAİD-in fəaliyyətinin milli maraqlara zidd olduğunu dəfələrlə bəyan edərək, onların ölkədəki mövcudluğunu məhdudlaşdırmaq istiqamətində addımlar atıb.
USAİD-in əsas fəaliyyəti və Azərbaycana qarşı açıq siyasəti barədə Patrulaz.az politoloq Tofiq Abbasov fikirlərini bölüşdü:
“USAİD-lə Azərbaycan münasibətlərində zaman-zaman gərginliklər artırdı. Azərbaycan bu qurumun rəhbərliyinə daim öz bildirişlərini ötürürdü ki, siz əsas sahələr çərçivəsində fəaliyyətinizi daha geniş bir formata oturuşdurursunuz. USAİD-in heç bir humanitar sahə ilə əlaqəsi yoxdur. Rəsmi Bakı, qeyri-hökumət təşkilatları USAİD-in nümayəndələrinə Azərbaycan cəmiyyətində qarşıdurma meyillərini gücləndirmək, ermənilərlə bağlı simpatiya mühitini formalaşdırmaq kimi siyasi faəliyyətlə məşğul olduqlarını bildirmişdilər. Digər tərəfdən də Azərbaycan-Ermənistan qarşıdurmasında USAİD qəsbkar, işğalçı ölkə olan Ermənistanı müdafiə edirdi. Halbuki bizdə milyona yaxın qaçqınımız, problemləri olan xanımlarımız, uşaqlarımız, əlillərimiz var idi ki, USAİD onlara məhəl qoymayaraq, amansız və qəddar davranırdı. Onlar elə bir münasibət göstərirdilər ki, güya burada işğalçı Azərbaycan və onun xalqıdır, amma zərərçəkən Ermənistan xalqıdır. Əlbəttə ki, bunlar hamısı uzun müddət ərzində onların diqqətinə çatdırılmışdı. Həmçinin Amerika siyasi dairələrin də bu məsələlərdən xəbəri var idi. Son zamanlarda hüquqi əsasları olsa da, Azərbaycan artıq onlarla əməkdaşlıq haqqında sazişləri uzatmırdı”.
T. Abbasov USAİD-in bağlanmasının təsadüfi olmadığını vurğulayır. Onun sözlərinə görə, Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-nin xarici siyasətində müəyyən dəyişikliklər baş verdi və bu dəyişikliklərdən biri də USAİD-in fəaliyyəti ilə bağlı idi:
“Donald Tramp hakimiyyətə gəldikdə sözügedən mənfur təşkilatın qərarını verdi. Əlbəttə Azərbaycanda xarici təşkilatların fəaliyyəti üçün faktiki olaraq həmişə mühit mövcud olub. USAİD Azərbaycan dövlətinin tələbini, yerli qanunvericiliyini və hüquqi bazasının nədən ibarət olduğunu bilirlər. Bunlara baxmayaraq, fəaliyyətləri ilə bağlı olan lazımsız işlərə qol vuraraq, qırmızı xətti keçirdilər. Nəhayət ki, Amerika Birləşmiş Ştatlarının yeni administrasiya qətiyyətlə USAİD-i “bayquş yuvası” kimi bağladı. Çünki onlar həqiqətən də təxribatçı ünsürlərə dəstək göstərirdilər, pulların yuyulmasında yaxından iştirak edirdilər və ən əsası Azərbaycan mühitində elə bir qaynar nöqtələr yaradırdılar ki, orada vətəndaş qarşıdurmasına əsaslar yaransın. Bir sözlə, insanlar arasında nifrətin yaranmasına çalışırdılar. Bütün bunlarla bağlı Azərbaycan tərəfi USAİD-ə öz münasibətini bildirirdi”.
Politoloq da hesab edir ki, USAİD-in fəaliyyəti humanitar missiya adı altında siyasi məqsədlər daşıyırdı və Azərbaycanın milli maraqlarına qarşı yönəlmişdi. O bildirir ki, bu qurum təkcə Azərbaycanda deyil, digər ölkələrdə də oxşar təxribatçı fəaliyyətlərlə gündəmə gəlib:
“Ümumiyyətlə USAİD bir çox ölkələrdə fəaliyyət göstərir və Çin, İran, Venesuel kimi ölkələrdən də qovulmuşdu. Hətta USAID vaxtıykən İsrailin xeyrinə təbliğat apardığı üçün Ərəb ölkələrindən də qovulmuşdur. Necə ki, USAİD Azərbaycanla bağlı bizim Qafqaz bölgəsində Ermənipərəst lobbinin təsiri altında idi, eləcə də ərəblərlə bağlı yəhudi lobbisinin təsiri altında olub. Buna görə də Azərbaycan bir çox məqamlarda həmişə prinsipal mövqe ortaya qoyub. Onlar bizim sorğularımıza tutarlı cavab vermirdilər. Çünki fəaliyyətləri qeyri-qanuni mahiyyət daşıyırdı. Yaxşı oldu ki, Vaşinqtonda qərarından sonra təşkilatın aktına qol çəkildi”.
Gülbəniz Səfərova