Uşaqları şiddət psixologiyasına sürükləyən SƏBƏBLƏR: Psixoloq AÇIQLADI
Dünən Bakıdakı orta məktəblərin birində şagirdlər arasında baş verən insident ağır xəsarətlə nəticələnib. Doqquzuncu sinif şagirdlərindən biri həmyaşıdının üzərinə spirt tökərək alışqanla onu yandırıb.
Uşaqları şiddət psixologiyasına sürükləyən səbəblər nələrdir? Niyə onlar münaqişələrini şiddət göstərməklə həll etməyə çalışırlar?
Patrul.az suallara cavab tapmaq üçün psixoloq, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmova müraciət edib.
Onun fikrincə, bu hadisəni yalnız bir fakt kimi deyil, uşaqların psixoloji inkişafında yaranan ciddi pozuntu siqnalı kimi qiymətləndirmək lazımdır:
“Belə davranışlar təsadüfi şəkildə formalaşmır, onların arxasında uzun müddət yığılan emosional gərginlik, nəzarətsiz aqressiya və sosial mühitin təsiri dayanır. Uşaqlarda zorakı davranışın formalaşmasının əsas səbəblərindən biri emosiyaların düzgün tənzimlənməməsidir. Yeniyetmə dövründə şəxsiyyət hələ tam formalaşmadığı üçün impulslar daha güclü olur, amma onları idarə etmək bacarığı zəif olur. Əgər uşaq ailədə, məktəbdə və ya sosial mühitdə sağlam emosional ifadə və konflikt həlli modelləri görmürsə, o zaman aqressiya onun üçün ünsiyyət vasitəsinə çevrilə bilir”.

Müsahibimiz digər mühüm faktorun sosial öyrənmə olduğunu qeyd edib:
“Uşaqlar gördüklərini təkrarlayırlar. Əgər onlar mediada, sosial şəbəkələrdə, bəzi oyunlarda və ya ətraf mühitdə zorakılığı “güc”, “üstünlük” və ya “özünü təsdiq etmə” vasitəsi kimi müşahidə edirlərsə, bu model onların davranışına birbaşa təsir edir. Xüsusilə son illərdə internet üzərindən yayılan bəzi təhlükəli oyunlar və zorakılığı təşviq edən platformalar yeniyetmələrin davranışına ciddi təsir göstərir və risk faktorunu artırır. Ailə mühiti burada həlledici rol oynayır. Uşaq ailədə diqqət, sevgi və təhlükəsizlik hissini yetərincə yaşamırsa və ya ailədaxili konfliktlərə şahid olursa, onun daxilində yığılan gərginlik sonradan destruktiv davranış formasında üzə çıxa bilər. Eyni zamanda həddindən artıq sərt nəzarət və ya tam nəzarətsizlik də risk yaradır. Hər iki halda uşaq öz davranışının nəticələrini düzgün dəyərləndirə bilmir. Məktəb mühiti də diqqətdən kənarda qalmamalıdır. Məktəbdə psixoloji iqlim sağlam deyilsə, şagirdlər arasında zorakılıq, təzyiq və ya sosial təcrid halları varsa, bu da aqressiyanın artmasına səbəb olur. Bəzən belə hadisələrin kökündə uzun müddət davam edən gizli konfliktlər dayanır və vaxtında aşkar olunmadıqda faciəvi nəticələrə gətirib çıxarır”.
E.Rüstəmov əlavə edib ki, yeniyetmələrin münaqişəni zorakılıqla həll etməyə çalışması əslində onların alternativ davranış strategiyalarının zəif olmasından xəbər verir:
“Onlar dialoq qurmağı, emosiyanı ifadə etməyi və kompromis tapmağı öyrənmədikdə, ən primitiv və təhlükəli üsula üz tuturlar. Bu isə artıq təkcə fərdi problem deyil, sosial təhlükəsizlik məsələsinə çevrilir.
Belə halların qarşısını almaq üçün yanaşma kompleks olmalıdır. Ailədə emosional ünsiyyət gücləndirilməli, məktəblərdə psixoloji xidmət sistemli şəkildə işləməli və uşaqlara erkən yaşdan emosional intellekt, empatiya və konflikt idarəetməsi öyrədilməlidir. Eyni zamanda rəqəmsal mühitdə uşaqların nə ilə qarşılaşdıqları ciddi şəkildə izlənməli və maarifləndirmə işi gücləndirilməlidir.
Bu hadisə bizə bir daha göstərir ki, uşağın davranışı onun daxili dünyasının göstəricisidir. Əgər biz bu dünyanı vaxtında anlaya bilsək, belə ağır nəticələrin qarşısını almaq mümkündür. Əsas məsələ reaksiya vermək deyil, profilaktik yanaşmanı gücləndirməkdir”.
Ləman Sərraf






