media-inshot_20260410_172638147

İran və ABŞ aprelin 7-də Pakistan vasitəçiliyi ilə təklif edilən 2 həftəlik atəşkəsə razılıq verdikdən sonra Tehran hökuməti tərəfindən bağlanmış Hörmüz boğazı açıldı. Lakin boğaz açılsa da, İran bu gün buradan tankerlərin keçidi üçün ödəniş tətbiq olunacağını açıqlayıb.

İranın bu addımı atmasının əsas səbəbləri nədir? Bu qərar Hörmüz boğazından istifadə edən ölkələr üçün hansı iqtisadi və siyasi nəticələrə səbəb ola bilər?

Bu barədə Patrul.az-a “Bakı-Xəbər” qəzetinin baş redaktoru, politoloq və siyasətçi Aydın Quliyev fikirlərini bölüşüb.

Onun sözlərinə görə, İran hökuməti Hörmüz boğazının qlobal səviyyədə əhəmiyyətli olduğunu nəzərə alaraq, mövcud şəraitdə uzun müddətdir tətbiq etmək istədiyi tarifləri reallaşdırır:

“Hörmüz ətrafında baş verən hadisələr bu boğazın dünyanın ən önəmli strateji bölgələrindən biri olduğunu bir daha təsdiqlədi. İran da taleyin onun qismətinə yazdığı bu boğazın üstünlüklərindən heç kimə güzəştə getmək istəmir. ABŞ və İsrailin İrana qarşı başlatdığı 40 günlük müharibədə də Tehran hökuməti Hörmüz boğazı vasitəsilə dünyanı hansı təzyiq altında saxlaya bildiyinə bir daha əmin oldu.

Bu gün tərəflər arasında münasibətlər elə bir həddə çatıb ki, İranı hansısa bir məsələyə yalnız inandırmaq yolu ilə razı salmaq mümkündür. Çünki dünyanın super dövləti sayılan Amerikanın ardıcıl zərbələrinə baxmayaraq, güc yolu ilə İranı nəyəsə razı salmaq mümkün olmadı, əksinə Tehran hökumətinin müqaviməti getdikcə gücləndi. Belə şəraitdə Hörmüz boğazı da daxil olmaqla bütün məsələlərin İranla yalnız danışıqlar və dialoq yolu ilə həlli mümkündür. Bunu İran da başa düşür və bilir ki, güc yolu ilə onu Hörmüz boğazını açmağa məcbur etmək mümkün deyil. Buna görə də İran bu boğaz üzərində maksimal hüquqlarını həyata keçirməyə çalışır. Buraya boğazın yalnız dost ölkələrin gəmiləri üçün açıq olması, buradan keçən tankerlərdən vergi yığılması, eləcə də təhlükəsizlik üzərində tam nəzarətin saxlanılması daxildir. İranın bugünkü hədəfləri bunlardır”.

media-inshot_20260410_172353838

Politoloq ABŞ-nin Hörmüz üzərində əldə etmək istədiyi məqsədləri də açıqlayıb:

“Tehran hökumətinin müharibə başlayandan əsas məqsədi Hörmüzdə yeni tariflərin tətbiqi olub. İran artıq buradan keçən hər barel neft üçün 1 dollar vergi toplamaq niyyətindədir. ABŞ isə bununla razılaşmaq istəmir. Vaşinqton Hörmüz boğazının yalnız İranın nəzarəti altında olmasına qarşıdır. ABŞ ən azı ikili nəzarət mexanizminin tətbiqini istəyir. Eyni zamanda Vaşinqton bu boğazdan əldə olunan gəlirlərin yalnız İran tərəfindən mənimsənilməsinə də razı deyil və bu gəlirlərdə pay sahibi olmaq niyyətindədir”.

Tərəflər arasında əsas məsələnin Hörmüz boğazı olduğunu deyən A.Quliyev bildirir ki, baş verən proseslər bu bölgədə yeni dövrün başlanacağını göstərir:

“İran hökumətinin də qeyd etdiyi kimi, Hörmüz boğazında yeni rejim formalaşacaq. Tehran artıq bu boğazın fəaliyyət rejimi ilə bağlı yeni protokollar hazırlayıb. Bu da boğaz üzərində həm təhlükəsizlik, həm də iqtisadi-maliyyə baxımından əsas nəzarətin İranın əlində cəmlənməsinə xidmət edir. Bu gün qətiyyətlə demək olar ki, İran-ABŞ münasibətlərində ən kəskin məsələ atom silahları və raket texnologiyalarından daha çox Hörmüz boğazına nəzarətin kimdə olmasıdır. Bir sözlə, Vaşinqtonla Tehran arasında qarşıdurmanın əsas xəttini bu boğaz üzərində nəzarət uğrunda mübarizə təşkil edir”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər