Xətai rayonunda mühafizəçini döyən “Mercedes” sürücüsü saxlanıldı - VİDEO
Bakının Xətai rayonunda baş verən insident ictimai rezonans doğurub. Məhəlləyə girişdə yerləşən şlaqbaum ətrafında yaranan mübahisə sonda fiziki zorakılıqla nəticələnib.
Avtosfer.az-ın yaydığı məlumata görə, hadisə Xocalı prospekti 29 ünvanında qeydə alınıb. Bildirilir ki, “Mercedes” markalı, 99-ZN-800 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Nəriman adlı şəxs martın 1-də şlaqbaumu qıraraq əraziyə daxil olub. Daha sonra isə həmin ərazidə nəzarətçi kimi çalışan 66 yaşlı mühafizəçiyə hücum edib.
İddialara əsasən, sürücü mühafizəçini şlaqbaumu gec açmaqda ittiham edib və bu səbəbdən ona qarşı zor tətbiq edib. Hadisə zamanı ətrafda olan şəxslərin müdaxiləsi nəticəsində dava dayandırılıb. Bununla belə, yayılan görüntülərdən mühafizəçinin ciddi xəsarətlər aldığı açıq şəkildə görünür.
Sakinlər dərhal hüquq-mühafizə orqanlarına məlumat veriblər. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Patrul.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1984-cü il təvəllüdlü N.Zeynalov müəyyən edilərək saxlanılıb. Onun barəsində qanunvericiliyə uyğun tədbirlər görülür.
Fakt üzrə araşdırmalar davam etdirilir. Hadisənin bütün təfərrüatlarının müəyyən olunması və hüquqi qiymətin verilməsi istiqamətində müvafiq işlər aparılır.






