media-inshot_20250825_175510535

Son günlər Azərbaycanda və digər ölkələrdə meşə yanğınları, eləcə də müəssisələrdə baş verən yanğın hadisələrinin sayı artıb. Dünən də bu kimi hadisələrdən biri “Sədərək” ticarət mərkəzində qeydə alınıb. Yanğın gözlənilməz fəlakətdir və həm təbii, həm də qeyri-təbii səbəblərlə baş verir. Belə hallarda insanlar nəinki alovlardan qorunma yollarını, hətta onun yaratdığı tüstüdünün təsirlərindən də xilas olmağı bacarmalıdır.

Xatırladaq ki, “Sədərək” ticarət mərkəzində baş verən yanğında 13 nəfər tüstüdən zəhərlənib. Hadisə yerinə gələn təcili yardım briqadası on nəfərə yerindəcə tibbi yardım göstərmiş, üç şəxs isə xəstəxanaya çatdırılaraq zəruri tibbi xidmət alıb.

Bəs bu kimi halların baş verməməsi üçün təşviş içində olan insanlar yanğının tüstüsündən necə qorunmalıdır? Onlar zəhərləndiklərini hansı əlamətlərlə müəyyən edə bilərlər? Tüstüdən zəhərlənmə halları zamanı nə kimi təcili proflaktik tədbirlər görülməlidir?

Bu suallara cavab olaraq, Patrulaz.az-a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin həkimi Aytac Mehdiyeva tövsiyələrini bölüşüb.

Həkim bildirib ki, yanğının tüstüsündən zəhərlənmənin əsas əlamətləri baş ağrısı, nəfəs darlığı, başgicəllənmə və ürəkbulanmadır:

media-inshot_20250825_195328103

“Yanğının tüstüsündən zəhərlənmənin əsas əlamətləri baş ağrısı, nəfəs darlığı, başgicəllənmə və ürəkbulanmadır. Yanğın zamanı ölüm hallarının 80%-i inhalyasiya olunan tüstü nəticəsində baş verir. Əsas təhlükə zəhərləyici dəm qazı ilə nəfəsalma və oksigenin azlığıdır.

Tüstü ilə nəfəsalma nəticəsində zədələnmənin əlamətləri səsin və tənəffüsün xırıltılı olması, boğaz ağrısı, öskürək, təngnəfəslik, üz, ağız və boyunda yanma hissi, kömürlü bəlğəm və dodaqlarda, burunda hisin olmasıdır. Belə hallarda ilk növbədə zərərçəkənə nəmləndirilmiş oksigen verilməli və o, dərhal xəstəxanaya çatdırılmalıdır. Profilaktik olaraq antibiotiklərin istifadəsi əhəmiyyət daşımır, steroidlər isə ölüm riskini artırdığı üçün əks göstərişdir”.

Həmçinin A. Mehdiyeva insan qanındakı karboksihemoqlobin səviyyələrini də açıqladı:

“Karboksihemoqlobinin qandakı səviyyələri belədir:

10%-dan az olduqda adətən simptomsuz keçir (tütün çəkənlərdə olduğu kimi);

10–20% – baş ağrısı, ürəkbulanma, qıcıqlanma, dispnoe;

20–40% – aritmiya, mərkəzi sinir sisteminin depresiyası, qusma;

40–50% – qıcolma, koma, ürək-damar çatışmazlığı;

60%-dan çox olduqda isə əksəriyyət ölümlə nəticələnir.

Yanğın zamanı tüstüdən qorunma və vaxtında tibbi müdaxilə insan həyatını xilas edə biləcək əsas amillərdəndir”,- deyə ekspert qeyd edib.

Gülbəniz Səfərova


Bənzər xəbərlər