"Yararsız işlərə baş qoşub, cəmiyyətdə şübhə yaradan bloqçular media savadlılığı ilə maariflənməlidir" – İsmayıl Rafiqoğlu
Azərbaycanda bloqçuluq fəaliyyəti ilə məşğul olanların sayı ildən-ilə artır. Sosial şəbəkələrdə tez-tez məşhur bloqçuların müxtəlif sahələrlə bağlı fikirlər səsləndirdiyini, hətta “youTube” sosial media platformasında qısa reklam çarxlarında belə onların gündəlik bloqlarında çəkdikləri kimi, istənilən məhsulu və ya başqa şeyləri reklam etdiyini müşahidə edirik. Çoxumuza maraqlı gəlir ki, bloqçular bu qədər məlumatı hardan bilir?
Çində sosial media bloqçularına yalnız təhsilləri olan sahələrdə, məsələn, tibb, hüquq, təhsil və maliyyə sahələrində müzakirə aparmağa icazə verilir. Buna görə də, onlarda bloqçulara inam və etibar yüksək olur. Azərbaycanda isə bloqçular istənilən məhsulu reklam edir və müxtəlif mövzularda fikirlər səsləndirirlər. Bu isə bəzən yanlış məlumatların, o cümlədən ictimai çaşqınlığın yaranmasına səbəb olur.
Bəs ölkəmizdə bu istiqamətdə bloqçuların fəaliyyətini tənzimləmək üçün nə kimi addımlar atılmalıdır?
Bu barədə Report Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu Patrulaz.az-a açıqlamasında bildirib ki, reklam şirkətləri çevrəsi geniş olan insanlar, xüsusən də blokçularla işləməyi üstün sayırlar.
Onun sözlərinə görə, bloqçular da qazanc məqsədilə müxtəlif məhsulları və xidmətləri tanıtmağa başlayırlar:
“Çində yeni qəbul olunmuş qanun bloqçulara yalnız təhsili olduğu sahə üzrə məhsulu reklam etməyə imkan verir. Bir tərəfdən bu qaydada bir məntiq var, yəni reklam etdiyin məhsul barədə bilikli olmaq yaxşı məsələdir. Digər tərəfdən isə məgər televiziya və ya radioda hansısa məhsulu reklam edən jurnalistin xüsusi təhsili olur? Dəfələrlə telekanallardan aparıcıların gündə bir məhsulu reklam etdiyini görmüşük. Bu gün yuyucu maddədir, sabah maşın yağı. Reklam informasiya sferasında çalışan şəxslərin çörək ağacıdır, bu olmasa, sahə çökər.
Bloqçular da böyük auditoriya topladıqlarına görə reklam şirkətlərinin diqqətində olurlar. Ədəbiyyat üzrə ixtisaslaşan bloqçu kitabdan, yeni nəşrlərdən, turizm bloqçusu isə xarici ölkələrə səfərlərdən danışanda, bu yolla pul qazanmış olur. Burada pis bir şey yoxdur. Sadəcə olaraq bloqçu ənənəvi medianın sahəsinə girir, onun reklam bazarından bir qədər “oğurlayır”. Bu proses dayanmadan genişlənir. Qazanc əldə etmək istəyi bloqçunu daha yaxşı məlumat hazırlamağa, daha gözəl reklam nümunələri ortaya qoymağa həvəsləndirir”.

İ. Rafiqoğlunun sözlərinə görə, Çin modelinin Azərbaycanda tətbiqi çətin olduğundan, bloqçuların fəaliyyətindəki problemləri həll etmək üçün media savadlılığı artırılmalı və əhali maarifləndirilməlidir:
“Yararsız və mənasız işlərə baş qoyan bloqçular da az deyil. Onların paylaşdığı informasiyanın həm doğruluğu, həm də reklam etdikləri məhsulların keyfiyyəti şübhə doğurur. Azərbaycanda adı hallanan Çin modelini qəbul etmək elə də asan deyil. Bunun üçün gərək xeyli güc-qüvvə, vəsait sərf edilsin. Çinin həm texnoloji, həm də digər imkanları qat-qat üstündür. Buna baxmayaraq, bu qanunun reallıqda necə işləyəcəyi də hələlik bəlli deyil.
Media savadlılığı mövzusundan mətbuat daim yazır, yəni əhalinin maarifləndirilməsi daha önəmlidir. Yaxşını pisdən ayıra bilən insan, heç vaxt savadsız, etibarsız mənbədən məlumat əldə etməz. Belə platformada verilən reklamın da ona əhəmiyyəti olmayacaq. Bir sözlə, əgər bloqçu mövcud qanunvericiliyi reklam fəaliyyəti ilə pozmursa, onda sərt tədbirlərə ehtiyac yoxdur. Sadəcə elə orta məktəbdən insanları maarifləndirmək lazımdır”.
Cəmilə Cəfərzadə






