Yay istisində təhlükə artır: Günvurma ən çox hansı saatlarda baş verir? - Həkim Açıqladı
Yay aylarında havanın temperaturu yüksəldikcə günvurma və termik şok halları da artır. Xüsusilə açıq havada çalışanlar, yaşlılar və uşaqlar risk qrupuna daxildir. Bəs günün hansı saatlarında risk daha yüksək olur və günvurma ilə bağlı ilk əlamətlər ortaya çıxanda insanların evdə ən çox etdiyi səhvlər hansılardır?
Bu barədə ailə həkimi Dr. Pənah Pənahov Patrul.az-a açıqlamasında bildirib ki, günvurma riski ən çox 11:00–17:00 saatlarında artır və ilk əlamətlər görünən kimi günəşdən uzaqlaşmaq vacibdir:
“Kritik saatlar əsasən 11:00-dan 17:00-dək olan dövrdür. Xüsusilə 12:00–16:00 aralığında birbaşa günəş şüaları altında qalmaq günvurma və termik şok riskini əhəmiyyətli dərəcədə artırır.
İlk əlamətlər — başgicəllənmə, halsızlıq, ürəkbulanma, baş ağrısı və güclü susuzluq hissidir. Bu zaman insanların ən çox etdiyi səhv simptomlara məhəl qoymamaq və günəş altında qalmağa davam etməkdir”.

Həkim qeyd edir ki,günvurma zamanı xəstə dərhal sərin yerə aparılmalı, bədəni soyudulmalı, ağır hallarda isə təcili tibbi yardım çağırılmalıdır:
“Düzgün yanaşma xəstəni dərhal kölgəli və sərin yerə keçirmək, artıq geyimləri azaltmaq, boyun, qoltuqaltı və qasıq nahiyəsinə sərin, nəm dəsmal qoymaq və əgər huşu aydındırsa, kiçik qurtumlarla su verməkdir.
Əgər bədən hərarəti 39°C-dən yuxarıdırsa, huşun pozulması, qıcolma, çaşqınlıq və ya huşun itməsi müşahidə olunursa, dərhal təcili tibbi yardım çağırılmalıdır. Bu hallar artıq həyati təhlükə yaradan termik şok əlamətləri hesab olunur”.
Cəmilə Cəfərzadə






