“Yango” taksidə kart və nağd ödəniş eyni səfər üçün alınıb – ŞİKAYƏT - VİDEO
Patrul.az redaksiyasına müraciət edən şikayətçi bildirir ki, Yango taksi şirkətindən sifariş etdiyi səfərdə ikili ödəniş problemi ilə üzləşib.
Onun sözlərinə görə, sifarişi edərkən ödəniş kart vasitəsilə həyata keçirilib. Lakin həmin vaxt internet bağlantısı olmadığı üçün vəsaitin kartdan çıxılmasından xəbərsiz olub. Ünvana çatdıqda isə onun yoldaşı səfər haqqını nağd şəkildə sürücüyə ödəyib.
Şikayətçi qeyd edir ki, daha sonra kartdan da ödənişin çıxıldığı məlum olub. Bu səbəbdən o, sürücü ilə əlaqə saxlayaraq narazılığını bildirib. İddialara görə, sürücü vəsaiti sabah geri qaytaracağını desə də, bir neçə gün keçməsinə baxmayaraq pul hələ də qaytarılmayıb.
Məlumata görə, sifariş Ağ rəngli BYD Qin Plus markalı, 77-UK-284 dövlət qeydiyyat nişanlı avtomobillə yerinə yetirilib. Tətbiqdə sürücünün Aqil Qafarlı olduğu göstərilib.
Şikayətçi bildirir ki, məsələ ilə bağlı Yango taksi şirkətinə məlumat verilsə də, indiyədək hər hansı bir tədbir görülməyib.
O, həm sürücüdən, həm də şirkətdən problemin qısa zamanda həll olunmasını və artıq tutulmuş vəsaitin geri qaytarılmasını tələb edir.






