media-inshot_20250723_104359436

İsti havalar əhvalımızı dəyişməklə yanaşı, yemək seçimlərimizə də təsir edir. Qızmar günəş altında bədənimiz daha çox enerji itirir, tərləyirik, maye və mineral balansı pozulur. Bir çoxları yayda iştahasının azaldığından gileylənir. Amma bu bədənin özünü qoruma refleksidir. Belə vaxtda əsas məsələ yeməmək yox, düzgün yeməkdir. Elə yemək ki, həm sərinlətsin, həm doyursun, həm də bizi günün istisində yormasın.

Patrulaz.az olaraq oxucularımıza həm faydalı, həm də tanış olan məhsullarla dolu yay menyusu təklif edirik:

Yay aylarında yeməyə məsləhət görülən qidalar və içəcəklər

Qarpız

Bəlkə də yay deyəndə ağla gələn ilk qida elə qarpızdır. Tərkibinin 90%-dən çoxu sudur. Həm susuzluğu yatırır, həm də təbii şəkərlə enerji verir. Qarpız ürək-damar sistemini qoruyur, bədəni sərinlədir və tərləmə ilə itirilən mineralları bərpa edir.

Xiyar

Yüngül, sulu və mədəyə yük olmayan tərəvəzdir. Günün istisində salatların əsasını təşkil etməlidir. Kalorisi az, faydası çox olan xiyar həm də dərini nəmləndirir.

Pomidor

Tərkibindəki likopin sayəsində antioksidant baxımından zəngindir. Həzm sistemini tənzimləyir, salat və sərin yeməklərdə dadı ilə fərqlənir.

Süd məhsulları (qatıq, ayran)

Probiotiklərlə zəngin bu qidalar mədəni qoruyur, həzmi yaxşılaşdırır. Yayda tez-tez rastlanan ishal, köp kimi halların qarşısını alır. Ayran isə həm duz balansını qoruyur, həm istiliyi tənzimləyir, həm də qan təzyiqini salır. Yeməkdən əvvəl içmək daha faydalıdır.

Qatıq (ev yoqurtu) xüsusilə kənd qatığı həm bağırsaqlar, həm də immunitet üçün faydalıdır. Soyuq qida olduğu üçün günorta yeməklərində ideal seçimdir.

Yemiş

Qarpız kimi su ilə zəngindir. Kalium və C vitamini mənbəyi olan yemiş, bədəni sərinləşdirir və immuniteti gücləndirir.

Alça və turş meyvələr

Alça həzmi sürətləndirir, tərləmə ilə itirilən natrium və kaliumu bərpa edir. Albalı və gilas yayda yetişən bu meyvələr təkcə ləzzətli deyil, həm də orqanizmi təmizləyir, yuxunu tənzimləyir və iltihabı azaldır.

Kükü (yumurta və göyərti ilə)

Kükü az yağlı, yüngül zülal qaynağıdır. Göyərti ilə zənginləşdirildiyi üçün yay menyusuna çox uyğundur.

Kompot

İçəcəklərdən şəkərsiz, ev üsulu kompotlar orqanizmi susuzluqdan qoruyur, zərərli qazlı içkilərə alternativdir.

Zeytun yağı

Yayda yağlı qidalardan uzaq durmaq lazım gəlsə də, zeytun yağı istisnadır. Salatlara əlavə edildikdə həm ləzzət qatır, həm də E vitamini ilə bədəni qoruyur.

Nanə və limon

İkisi bir yerdə yay aylarının “soyuducusu” sayılır. Sərinləşdirici içkilərdə, salatlarda və hətta yoqurtla birlikdə istifadəsi təravət və həzm rahatlığı verir.

Yay sadəcə istiylə deyil, sağlamlıq üçün risklərlə də gəlir. Tərləmə, maye itkisi və iştahasızlıq orqanizmi zəiflədə bilər. Amma düzgün seçilmiş qidalarla bu riski rahatca aradan qaldırmaq olar. Hər fəslin yeməyi olduğu kimi, yay da öz sadə, yüngül, sulu və təbii qidalarını tələb edir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər