Yelo Bankın yeni qaydası müştəriləri narazı saldı - FOTO
Azərbaycanın aparıcı banklarından biri olan Yelo Bank kart hesablarının balansının artırılması qaydalarında ciddi dəyişiklik edib.
Patrul.az xəbər verir ki, bankın rəsmi açıqlamasına görə, 11 mart 2026-cı il tarixindən etibarən kənar xidmət şəbəkələri vasitəsilə (MilliÖN, eManat terminalları və digər ödəniş saytları) həyata keçirilən mədaxillərə 1% komissiya tətbiq olunacaq.
Əvvəllər istənilən terminaldan Yelo Bank kartına pul yatırmaq pulsuz olsa da, martın 11-dən sonra hər 100 AZN mədaxil üçün 1 AZN xidmət haqqı tutulacaq. Sosial şəbəkələrdə bu qərara qarşı artıq narazılıqlar səslənir.
Bank rəhbərliyi bildirir ki, müştərilər əlavə xərcə düşməmək üçün öz daxili kanallarından istifadə edə bilərlər. Komissiyasız mədaxil üsulları aşağıdakılardır:
Yelo App: Digər bank kartlarından tətbiq vasitəsilə mədaxil;
Yelo Bank terminalları: Bankın öz rəsmi terminalları vasitəsilə.
Qeyd edək ki, bu addımla bank müştərilərini kənar platformalardan daxili mobil tətbiq və öz terminallarına yönəltməyi hədəfləyir. Lakin bölgələrdə və bank terminalının olmadığı yerlərdə yaşayan müştərilər üçün bu qərar əlavə maliyyə yükü yarada bilər.







