"Yeni il süfrəsində qida zəhərlənməsinə yol verməyin!" - Ekspertdən XƏBƏRDARLIQ
Yeni il bayramı ərəfəsində insanlar süfrələrini zənginləşdirir, müxtəlif ənənəvi və müasir yeməklər hazırlayır. Marketlərdə və restoranlarda müəyyən məhsullar daha çox tələb olunur, eyni zamanda bəzi yeməklərin hazırlanması xüsusi diqqət tələb edir.
Bəs yeni il bayramında hansı qidalar daha çox istifadə olunur, və hansı yeməklər hazırlanarkən xüsusi diqqət tələb olunur?
Bu barədə Qida eksperti Fərid Səfərov Patrul.az-a açıqlamasında bildirib ki, yeni il süfrəsindəki yeməklər çeşidli olduğu üçün onları qısa müddətdə düzgün saxlamak vacibdir:
“Yeni il süfrəsi üçün hazırlanan yeməklər bol və çeşidli olur. Bu isə qalıq qidaların düzgün saxlanmasını xüsusilə vacib edir. Ümumiyyətlə, bişmiş yeməklər otaq temperaturunda 2 saatdan artıq saxlanmamalı, bu müddətdən sonra mütləq soyuducuya yerləşdirilməlidir. Qida təhlükəsizliyi qaydalarına əməl edilmədikdə bakteriyaların çoxalması sürətlənir və zəhərlənmə riski artır.
Soyuducuda saxlanma müddətləri:
– Bişmiş ət yeməkləri (qovurma, dolma, kotlet və s.) – 2–3 gün.
– Toyuq və hinduşka yeməkləri – 2 gün.
– Balıq yeməkləri – maksimum 1–2 gün.
– Şorbalar və sulu xörəklər – 2–3 gün.
– Mayonezli salatlar – 24 saatdan çox olmamaq şərti ilə.
– Tərəvəz əsaslı salatlar (mayonezsiz) – 2 gün.
– Şirniyyatlar (kremli tortlar) – 24–48 saat, quru şirniyyatlar isə 5–7 gün”.

Ekspertin sözlərinə görə, yeməklər hava keçirməyən qabda saxlanmalı, yalnız lazım olan qədər qızdırılmalı və dəyişmiş qidalar istehlak edilməməlidir:
“Daha tez xarab olan qidalar əsasən mayonezli, kremli, balıq və toyuq tərkibli yeməklərdir. Nisbətən uzunömürlü qidalar isə yaxşı bişmiş ət yeməkləri, şorbalar və quru şirniyyatlardır. Vacib məqam odur ki, yeməklər hava keçirməyən qabda saxlanmalı, hər dəfə yalnız yeyiləcək qədər qızdırılmalıdır. Qoxusu, rəngi və ya dadı dəyişmiş qidalar isə bayram israfı olmasından asılı olmayaraq istehlak edilməməlidir. Bu qaydalara əməl etməklə yeni il süfrəsini həm zəngin, həm də təhlükəsiz saxlamaq mümkündür.
Sağlam qidalanaraq sağlam yaşayın!
Cəmilə Cəfərzadə






