media-inshot_20251225_174808117

Yeni il bayramı həm sevincli, həm də ziyafətlərlə dolu günlərdir. Süfrələrimizin bəzəyi cürbəcür yeməklərlə göz oxşayır. Lakin mütəxəssislər qeyd edir ki, bu dövrdə düzgün qidalanmamaq sağlamlıq problemlərinə səbəb ola bilər.

Bəs Yeni İldə necə qidalanmalıyıq? 

Patrul.az mövzu ilə bağlı sağlam qida təbliğatçısı Asim Vəliyevə müraciət edib.

O bildirib ki, istər yeni il, istər Novruz bayramı, istərsə də ad günü məclis süfrələri bol və rəngarəng olur:

“Bu bizdə adət halını alıb. Əsas məsələ bayramı sağlam şəkildə keçirməkdir. Bunun üçün bir neçə sadə, əməl edilməsi praktik olan qaydalara riayət edə bilərik.

Süfrədə müxtəliflik ola bilər. Əsas odur ki, həddindən artıq çox yemək bişirilməsin. Çoxlu çeşid bizi normadan artıq yeməyə vadar edir. Hər yeməkdən az miqdarda dadmaq daha məqsədəuyğundur. Süfrədə tərəvəz salatlarına üstünlük verilməlidir. Mayonezli və ağır souslu salatlar azaldılmalıdır. Daha çox zeytun yağı, limon və qatıq əsaslı souslar seçilə bilər.

Ət yeməklərində də ölçüyə diqqət etməyimiz vacibdir. Qızardılmış yeməklər əvəzinə sobada, buğda bişirilmiş ət və toyuq yeməkləri daha sağlamdır. Kolbasa, sosiska kimi emal olunmuş ət məhsulları bayram süfrəsində mümkün qədər az yer tutmalıdır. Sağlamlıq baxımından riski minimuma endirməliyik. Balıq yeməkləri yaxşı alternativdir”.media-img-20251225-wa0062

Mütəxəssis əlavə edib ki, şirniyyat məsələsində də diqqətli olmaq lazımdır:

“Bayramda tam imtina etmək çətin olsa da, miqdarı azalda bilərik. Çalışaq ki, evdə hazırlanan şirniyyatlara üstünlük verək. Hazır tortlar və kremli şirniyyatlar tez xarab olur. Belə olduqda risk yaradır. Şirniyyat yeməyi əsas yeməkdən dərhal sonra yox, bir qədər fasilə ilə qəbul etmək daha yaxşıdır.

Qazlı və şirin içkilər əvəzinə su, kompot, təbii şirələr seçilməlidir. Alkoqollu içkilərdən yaxşı olar ki istifadə azalsın.

Bayram gecəsi gec saatlara qədər oturmaq adi haldır. Bu zaman ağır yeməkləri gec saatlarda yemək mədə-bağırsaq problemlərinə səbəb ola bilər. Mümkünsə əsas yeməklər axşam saatlarına qədər yeyək. Gecə isə daha yüngül qidalar seçilməlidir”.

Ləman Sərraf


Bənzər xəbərlər