media-inshot_20251105_171035089

Azərbaycanda bəzi valideynlərin və ya avtomobil sahiblərinin yeniyetmələrə, yəni sürücülük vəsiqəsi olmayan şəxslərə nəqliyyat vasitəsi idarə etməyə icazə verməsi ciddi fəsadlara yol açır. Bu kimi hallar bəzən faciə ilə nəticələnir. Buna bariz nümunə noyabrın 3-də Göygöl rayonunda yeniyetmələrin iştirakı ilə baş verən və iki nəfərin ölümü ilə nəticələnən qəza oldu. Üstəlik, nəzarətsiz qalan və sürət həddini aşan yeniyetmələrin qəza törətməsi artıq cəmiyyətdə narahatlıq doğuran tendensiyaya çevrilib.

Belə vəziyyətlər təkcə insanların həyatına təhlükə yaratmır, həm də qanun pozuntusu hesab olunur. Bəs sürücülük vəsiqəsi olmayan yeniyetməyə avtomobil idarə etməyə icazə verən şəxsləri hansı cəza gözləyir?

Bu barədə hüquqşünas Ramil Süleymanov Patrul.az-a açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsinə görə, avtomobili idarəetmə hüququ olmayan şəxsə verənlər 60 manatdan 2000 manatadək cərimə olunurlar, zərər vurulduqda isə bu məbləğ daha da artır:

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 335-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən həmin vasitənin idarəetmə hüququ olmayan şəxsə verilməsi halında fiziki şəxslər 60 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 2000 manat məbləğində cərimə olunurlar.

Həmin Məcəllənin 335.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin törədilməsi nəticəsində zərərçəkmiş şəxsə fiziki və ya maddi zərər vurulduqda isə fiziki şəxslər 80 manat, vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər isə 5000 manat məbləğində cərimə olunurlar”.

media-inshot_20251105_165758545

Hüquqşünasın sözlərinə görə, 16 yaşına çatmayanlara cəza tətbiq edilmir, lakin onlara avtomobili verən şəxs inzibati məsuliyyət daşıyır:

“İnzibati Xətalar Məcəlləsinə əsasən, 16 yaşına çatmayan şəxslərə hər hansı inzibati tənbeh tədbiri tətbiq edilmir. Lakin nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən bu qaydaların pozulması, yəni avtomobilin idarəetmə hüququ olmayan şəxsə verilməsi, onun inzibati tənbeh tədbirlərinə məruz qalmasına səbəb olur”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər