"Yol nişanlanması silinmişsə, cərimə ləğv edilə bilər" - Hüquqşünas açıqladı
Yol hərəkəti qaydalarına əsasən, sürücülər yolda yerləşdirilən nişan və nişanlanmalara əməl etməlidirlər. Lakin praktikada elə hallar olur ki, yol nişanlanmaları zamanla silinir, aşınır və ya müxtəlif səbəblərdən aydın görünmür. Bu isə sürücülər üçün əlavə çətinlik yaradır və qayda pozuntusunun qəsdən yox, məhz şəraitlə bağlı baş verdiyi barədə suallar ortaya çıxarır.
Belə hallarda sürücülər cərimənin əsaslı olub-olmadığını müzakirə edir, yol infrastrukturunun vəziyyətinin məsuliyyətə necə təsir etdiyini araşdırırlar. Xüsusilə silinmiş və ya çətin seçilən yol nişanlanmaları fonunda tətbiq olunan inzibati tədbirlərin qanunvericilik baxımından nə dərəcədə düzgün olduğu cəmiyyət üçün maraq doğuran mövzulardandır.
Bəs yol nişanlanması silinmiş və ya aydın görünmürsə, tətbiq olunan cərimə ləğv oluna bilərmi?
Bu barədə hüquqşünas Nəriman Əliyev Patrul.az-a açıqlamasında bildirib ki, yol nişanlanması aydın görünmürsə, cərimə ləğv oluna bilər:
“Yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən inzibati cərimələrin əhəmiyyətli hissəsi yol nişanlanması (xətlər, oxlar, ayırıcı işarələr) ilə bağlıdır. Praktikada isə tez-tez rast gəlinir ki, yol nişanlanması silinmiş, köhnəlmiş və ya obyektiv səbəblərdən aydın görünmür. Belə hallarda sürücüləri maraqlandıran əsas sual budur: bu cür vəziyyətdə tətbiq edilmiş cərimə ləğv oluna bilərmi?
İnzibati məsuliyyətin əsas şərtlərindən biri şəxsin təqsirinin olmasıdır. Yəni sürücü yol hərəkəti qaydasını bilərəkdən və ya ehtiyatsızlıqdan pozmalıdır. Əgər yol nişanlanması silinmişdirsə, yarımçıqdırsa, asfalt örtüyünün rəngi ilə eyni tonlardadırsa, hava şəraiti (yağış, qar, palçıq) səbəbindən görünmürsə, bu halda sürücünün pozuntunu dərk etməsi obyektiv olaraq mümkün olmaya bilər. Belə vəziyyətdə təqsirin mövcudluğu şübhə altına düşür və bu, cərimənin ləğvi üçün əsas yarada bilər”.
Hüquqşünasın sözlərinə görə, yol nişanlanması standartlara uyğun və aydın deyilsə, bu halda məsuliyyət yol hərəkətinin təşkilinə cavabdeh qurumun üzərinə düşür və sürücünün inzibati məsuliyyəti istisna oluna bilər:
“Yol nişanlanması yol hərəkətinin təşkili vasitəsidir və müvafiq standartlara uyğun olaraq aydın, oxunaqlı, gecə və gündüz görünən, vaxtında bərpa edilmiş olmalıdır. Bu tələblərə əməl olunmaması yol hərəkətinin düzgün təşkili öhdəliyini daşıyan qurumun məsuliyyətini gündəmə gətirir və sürücünün inzibati məsuliyyətini istisna edə bilər”.
Cəmilə Cəfərzadə







