Yoluxucu xəstəliklər artır - Məktəblər bağlana bilərmi?
Son vaxtlar uşaqlar arasında yoluxucu xəstəliklərin yayılması artır. Xəstələnən uşaqların sayı getdikcə çoxalır, valideynlər və müəllimlər arasında narahatlıq yüksəlir, həmçinin məktəblərdə gündəlik təmasın çox olması virusların sürətlə yayılmasına şərait yaradır.
Bəs,bu vəziyyətdə, məktəblərin bir müddət bağlanması və ya onlayn təhsil sisteminə keçid gözlənilirmi?
Bu barədə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun baş metodisti Pərvinə Qədimova Patrul.az -a açıqlamasında bildirib ki, hazırda məktəblərin bağlanması və ya onlayn təhsilə keçidlə bağlı rəsmi qərar yoxdur:
“Son günlər yoluxucu xəstəliklərin yayılması ilə bağlı cəmiyyətdə müəyyən narahatlıqların yaranması tamamilə başadüşüləndir. Hazırda təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması və ya kütləvi şəkildə onlayn təhsilə keçidlə bağlı rəsmi qərar mövcud deyil. Bu cür qərarlar yalnız aidiyyəti qurumların – xüsusilə səhiyyə və təhsil sahəsinə cavabdeh dövlət orqanlarının apardığı monitorinqlər, epidemioloji göstəricilər və risk qiymətləndirmələri əsasında qəbul edilə bilər”.
P. Qədimovanın sözlərinə görə, yoluxma yüksək olduqda yalnız konkret məktəblər və ya siniflər müvəqqəti onlayn təhsilə keçə bilər:
“Məktəblərdə gündəlik davamiyyət və xəstəlik göstəriciləri ciddi şəkildə izlənilir. Əgər bir təhsil müəssisəsində yoluxma faizi müəyyən edilmiş normanı aşarsa, gigiyena və epidemiologiya mərkəzlərinin rəyi əsasında həmin müəssisə üzrə fərdi qərarlar qəbul edilə bilər. Düşünürəm ki, ölkə üzrə bütün məktəbləri bağlamaqdansa, yoluxma sayının kritik həddə çatdığı konkret siniflərin və ya məktəblərin müvəqqəti olaraq distant formaya keçirilməsi daha effektiv model kimi görünür. Amma bu qərar zərurət olduğu təqdirdə qəbul olunmalıdır. Pandemiya dövründən qazandığımız təcrübə bizə göstərdi ki, distant təhsil alternativ vasitə kimi güclüdür, lakin ənənəvi təhsilin sosial-psixoloji üstünlüklərini tam əvəz edə bilmir. Bu səbəbdən, son ana qədər ənənəvi təhsili qorumağa çalışmaq lazımdır. Zərurət yarandığı halda onlayn təhsil mexanizmləri qısa müddətdə işə salına bilər. Lakin hazırkı mərhələdə əsas prioritet məktəblərdə gigiyenik qaydalara əməl olunması, profilaktik tədbirlərin gücləndirilməsi, valideyn-məktəb-səhiyyə əməkdaşlığının təmin edilməsidir”.

Ekspert bildirir ki, rəsmi məlumatlara əsaslanmaq və valideyn-məktəb əməkdaşlığı ilə xəstəlik riskini azaltmaq lazımdır:
“Düşünürəm ki, panikaya yol vermədən, rəsmi məlumatlara əsaslanaraq hərəkət etmək ən doğru yanaşmadır. Müəllimlərin, məktəb rəhbərlərinin və valideynlərin məsuliyyətli davranışı, xəstəlik əlamətləri olan uşaqların vaxtında tibbi nəzarətə yönləndirilməsi ümumi riskin azalmasına ciddi təsir edə bilər. Görünən odur ki, vəziyyətin inkişafı daim izlənilir və hər hansı dəyişiklik olacağı təqdirdə ictimaiyyət operativ şəkildə məlumatlandırılır”.
Cəmilə Cəfərzadə






