Yunanıstan Fransadan “Exocet” almağa hazırlaşır
Yunanıstan Fransanın tərəfdaşı olan raket sistemləri istehsalçısı MBDA ilə 16 ədəd “Exocet” tipli gəmi əleyhinə raketlərin satışı ilə bağlı müqavilə imzalayıb.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın müdafiə naziri Sebastien Lecornu və yunanıstanlı həmkarı Nikos Dendias Yunanıstana rəsmi səfəri zamanı müdafiə sahəsində əməkdaşlıq, yeni silah sistemlərinin satın alınması və müdafiə sənayesində birgə istehsalı müzakirə ediblər.
Görüşdə Yunanıstanın Silah və İnvestisiya Baş İdarəsi ilə Fransanın tərəfdaşı olan raket sistemləri istehsalçısı MBDA arasında 16 ədəd “Exocet” tipli gəmi əleyhinə raketin satışı ilə bağlı razılıq əldə olunub.
Görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edən Lecornu dünyanın narahatedici inkişaflar dövrü yaşadığını qeyd edib.
Bugünkü görüşün sadəcə silah satışına çevrilə bilməyəcəyini ifadə edən Lecornu, görüşün əsasını dəniz təhlükəsizliyinin təşkil etdiyini bildirib.
Dəniz təhlükəsizliyinin uzun müddət ərzində ilk dəfə belə bir qeyri-sabitlik və etibarsızlıq yaşadığını bildirən Lecornu, dəniz təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərin görülməsi lazım olduğunu bildirdi.