Zaminin ölkədən çıxışına qadağa qoyula bilərmi? - Vəkildən açıqlama
Kredit öhdəlikləri tam yerinə yetirilmədikdə, zamin də borclu ilə birlikdə məsuliyyət daşıyır və ondan da borcun ödənilməsi tələb oluna bilər. Bəs bu halda, zaminin ölkədən çıxışına qadağa qoyula bilərmi?
Bu barədə Hüquqşünas Ramil Süleymanov Patrulaz.az– a açıqlamasında bildirib ki, zamin borclu ilə bərabər məsuliyyət daşıyır və məhkəmə qərarı hər ikisinə şamil olunur. Nəticədə, zaminə də ölkədən çıxışa qadağa qoyula bilər:

“Bildirmək istəyirəm ki, kredit müqaviləsinin təminat növlərindən biri zaminlik müqaviləsidir. Zamin olan şəxs krediti götürən borclu ilə bərabər öhdəlik daşıyır. Eyni zamanda, kredit məbləğinin tam ödəndiyi vaxta qədər, yəni kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində və öhdəliklərin tam yerinə yetirildiyi dövrədək bu öhdəliklər qüvvədə qalır. Əgər bu öhdəliklər yerinə yetirilməzsə, kredit verən bank həmin müqavilənin icrası ilə əlaqədar olaraq həm borclunu, həm də zamini bərabər şəkildə məhkəməyə verir. Məhkəmə qərarı (qətnamə) çıxarıldıqda, o hər iki şəxs barəsində qəbul olunur. Qətnamənin icrası mərhələsində icra məmuru tərəfindən hər iki tərəfə qarşı eyni icra tədbirləri görülür, o cümlədən ölkədən çıxışa qadağa (məhdudiyyət) da tətbiq oluna bilər”.
Vəkilin sözlərinə görə, əgər kredit borcu ödənilməzsə və məhkəmə qərarı qüvvəyə minərsə, icra mərhələsində zaminə də borclu kimi eyni tədbirlər, o cümlədən ölkədən çıxışa qadağa tətbiq oluna bilər.
Cəmilə Cəfərzadə






