media-inshot_20260130_142537871

Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması məqsədilə aparılan danışıqlar davam edir. Kreml yenidən Ukrayna Prezidenti Volodimir Zelenskini danışıqlar üçün Rusiyaya dəvət edib. Buna səbəb Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, mümkün görüşün Moskvadan kənarda keçirilməsinin məqsədəuyğun hesab edilməməsidir. Eyni zamanda, Zelenskinin Rusiyaya gələcəyi təqdirdə təhlükəsizliyinin təmin olunacağı da qeyd edilib.

Xatırladaq ki, Ukraynanın xarici işlər naziri Andrey Sıbıha daha əvvəl Zelenskinin ərazi məsələləri və Zaporojye Atom Elektrik Stansiyasının taleyini müzakirə etmək üçün Rusiya Prezidenti Vladimir Putinlə şəxsən görüşməyə hazır olduğunu açıqlamışdı.

Zelenskidən Moskvaya ünvanlanan dəvətə cavab gecikməyib. Daha əvvəl olduğu kimi, Zelenski bu dəfə də Moskvaya getməkdən imtina edib. Ukrayna lideri cavabında Vladimir Putini Kiyevə dəvət edib:

“Əlbəttə ki, mənim üçün Moskvada Putinlə görüşmək mümkün deyil. Bu, Putinlə Kiyevdə görüşməklə eynidir. Onu Kiyevə də dəvət edə bilərəm; qoy gəlsin”, – deyə Zelenski bildirib.

Lakin bəzi siyasətçilər müharibənin taleyinin Zelenskinin Moskvaya dəvətə verəcəyi cavabdan asılı olduğunu vurğulayıblar. Onların fikrincə, Zelenski bu dəvəti qəbul etsəydi, müharibənin başa çatması prosesi sürətlənə bilərdi.

Maraqlıdır, Zelenski niyə ikinci dəfə Rusiyaya getməkdən imtina etdi? Onu Moskvaya səfərdən çəkindirən əsas səbəblər nədir?

Bu barədə Patrul.az-a açıqlama verən politoloq Elşad Həsənovun sözlərinə görə, Zelenski indiki mərhələdə Moskvaya getməyi özünə sığışdıra bilməz. Çünki Rusiya-Ukrayna müharibəsi nəticəsində çoxlu sayda ukraynalı həlak olub:

“Son günlər Zelenskinin danışıqlar üçün Moskvaya dəvət olunması ilə bağlı xəbərlər müzakirə olunur. Düşünürəm ki, bu görüş real görünmür. Çünki Rusiya-Ukrayna müharibəsində milyonlarla insan həlak olub. Bu səbəbdən Zelenski və Putin bir-birlərini görmək istəməyən liderlərdir. Təbii ki, hər bir müharibə sülhlə başa çatır və artıq dörd ildir davam edən bu müharibənin də nə vaxtsa sülhlə nəticələnəcəyi gözlənilir. Bu məqsədlə ABŞ Prezidenti Donald Tramp hər iki tərəfə təzyiqlər göstərir ki, müharibə dayandırılsın”.

Politoloq müharibəni uzadan və tərəflər arasında fikir ayrılığı yaradan əsas məsələlərə də toxunub:

“Tərəflər arasında həllini tapmayan iki əsas məsələ qalır. Bunlardan biri Rusiyanın Ukraynadan Donbasın işğal olunmamış ərazilərini tərk etməsini tələb etməsidir. Bu məsələ Zelenskinin səlahiyyətləri daxilində deyil. Çünki konstitusiyaya əsasən, ərazilərin başqa ölkəyə verilməsi və kapitulyasiyaya yol verilməsi mümkün deyil. Digər məsələ isə Zaporojye Atom Elektrik Stansiyasının Rusiya tərəfindən idarə olunması ilə bağlı tələblərdir. Ukrayna bu istəklə də razılaşmır”.media-inshot_20260130_142742887

E. Həsənovun fikrincə, liderlər arasında mümkün görüş əvvəlcə neytral ölkələrdə baş tuta bilər:

“Zelenskinin indiki şəraitdə Moskvaya gəlməsi mümkün deyil. Hesab edirəm ki, müharibənin sona çatması üçün ABŞ-nin təzyiq və tələbləri fonunda tərəflərin nümayəndələri sülh sazişini hazırladıqdan sonra Putin və Zelenski arasında görüş Trampın iştirakı ilə keçirilə bilər. Bu görüş Vaşinqtonda, Əbu-Dabidə və ya Türkiyədə baş tuta bilər. Yalnız bundan sonra Zelenskinin Moskvaya, Putinin isə Kiyevə səfəri mümkün ola bilər. Lakin hazırkı mərhələdə Zelenskinin Moskvaya getməsi müharibənin taleyini müsbət yöndə həll etməyəcək”.

Politoloqun fikrincə, müharibənin taleyi liderlərin Moskvada görüşməsindən çox, ABŞ-nin sülh prosesinə verdiyi dəstəkdən asılıdır:

“Zelenski indiki vəziyyətdə Moskvaya getməyi özünə sığışdıra bilməz. Çünki Moskvanın əli on minlərlə ukraynalının qanına batıb. Buna görə də yaxın vaxtlarda Zelenskinin Moskvaya səfəri real görünmür. Lakin hesab edirəm ki, ABŞ-nin dəstəyi ilə müharibənin bu ilin may-iyun aylarına qədər dayanması mümkündür”.

Qeyd edək ki, 2022-ci il fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsində hər iki tərəfdən ümumilikdə 1 milyondan çox insanın həlak olduğu bildirilir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər