media-e66d0cfc-4475-4a45-8d24-ae7df2fe3b8a

Myanma hökuməti zəlzələ ilə bağlı müvəqqəti atəşkəs elan edib.

Patrulaz.az “CNN” ə istinadən xəbər verir ki, Myanmanın hərbi hökuməti cümə günü baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması üçün silahlı müxalifət qruplarına qarşı hərbi əməliyyatları müvəqqəti dayandırdığını açıqlayıb.

Dövlət yayım qurumu MRTV-nin məlumatına görə, atəşkəs aprelin 22-dək qüvvədə olacaq. Rəsmi açıqlamada qeyd edilir ki, qərar ölkə boyu zəlzələ qurbanlarına başsağlığı vermək, effektiv xilasetmə əməliyyatını və reabilitasiyanı təmin etmək məqsədilə qəbul edilib.

Son məlumatlara görə, Myanmada baş verən bu zəlzələ nəticəsində 2700-dən çox insan həyatını itirib, yüzlərlə insan isə hələ də itkin düşmüş hesab olunur.

Xatırladaq ki, ölkə son dörd ildir ki, 2021-ci ildə baş vermiş hərbi çevrilişin yaratdığı vətəndaş müharibəsi ilə mübarizə aparır. Çevriliş nəticəsində səhiyyə infrastrukturu ciddi şəkildə zəifləyib və bu da hökumətin təbii fəlakətlərlə mübarizə imkanlarını məhdudlaşdırıb.

Qeyd edək ki, ölkənin bəzi bölgələri hökumətin nəzarətindən çıxıb və etnik üsyançılarla yerli silahlı qruplar tərəfindən idarə olunur. Bu isə hadisə ilə bağlı dəqiq və etibarlı məlumat əldə etməyi çətinləşdirir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər