“Zəngəzur dəhlizi artıq siyasi debat mövzusu yox, regional gələcəyin struktur elementidir” - ŞƏRH
“Son günlər Zəngəzur dəhlizi ətrafında gedən proseslər göstərir ki, məsələ artıq ideya və niyyət müstəvisindən çıxaraq praktik mərhələyə daxil olur. İnfrastruktur hazırlıqları, texniki müzakirələr və diplomatik təmaslar onu deməyə əsas verir ki, regional kommunikasiyaların açılması geri dönməz xarakter alır. Bakı bu prosesdə emosional ritorikadan uzaq, ardıcıl və hüquqa söykənən mövqe sərgiləyir. Dəhliz Azərbaycanın tələbi yox, 10 noyabr razılaşmasının məntiqi nəticəsi kimi təqdim olunur və bu yanaşma beynəlxalq müstəvidə də anlaşılandır”.
Bu fikirləri politoloq Tural İsmayılov Patrul.az-a Zəngəzur dəhlizində aparılan işlərlə bağlı şərh edərkən səsləndirib.
O qeyd edib ki, Zəngəzur dəhlizinin əsas geosiyasi əhəmiyyəti onun təkcə Azərbaycanı Naxçıvanla birləşdirməməsidir:

“Bu xətt Türkiyə–Azərbaycan–Mərkəzi Asiya bağlantısını gücləndirir, Orta Dəhlizin funksionallığını artırır və regionu qlobal ticarət marşrutlarının real hissəsinə çevirir. Məhz buna görə də layihə artıq regional yox, beynəlxalq maraqların kəsişdiyi nöqtəyə çevrilib. Rusiya, Türkiyə, İran və Avropa aktorlarının prosesə diqqəti təsadüfi deyil”.
“Bakı isə tələsmir, amma geri də çəkilmir. Bu klassik dövlət davranışıdır: səbr + güc + hüquqi əsas. Nəticə etibarilə Zəngəzur dəhlizi artıq siyasi debat mövzusu yox, regional gələcəyin struktur elementidir. Kim bu reallığa tez uyğunlaşsa, qazanan tərəf də o olacaq”,– deyə o əlavə edib.
Ləman Sərraf






