media-inshot_20250910_193539730

Zəngəzur dəhlizinin Azərbaycan ərazisində aparılan infrastruktur işləri sürətlə davam etdirilir. Regionun strateji əhəmiyyətini artıracaq bu layihə həm iqtisadi, həm də siyasi baxımdan xüsusi önəm kəsb edir. Lakin bütün işlərin yekunlaşması müəyyən vaxt tələb edir. Bəs proseslər hazırda hansı mərhələdədir və yekunlaşması nə qədər vaxt apara bilər?

Deputat Bəhruz Məhərrəmov Patrulaz.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq prosesi çərçivəsində Orta Dəhlizin Azərbaycan seqmentinin vacib hissəsi olan həmin ərazilərdə dəmir yolu və avtomobil yolu infrastrukturunun yaradılmasına ciddi önəm vermiş və bu sahədə işlərin böyük qismi artıq uğurla başa çatdırılmışdır:

media-inshot_20250910_194021020

“Məlumdur ki, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda imzalanan Birgə Bəyannamədə Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz keçidlə bağlı müddəa öz əksini tapıb. Həmin müddəa beynəlxalq hüququn aliliyinə, o cümlədən Ermənistan dövlətinin suverenliyinə hörmət prinsipini ehtiva etməklə yanaşı, Azərbaycana öz ərazisinin bir hissəsindən digər hissəsinə maneəsiz giriş-çıxış imkanı verən hüquqi məzmuna malikdir.

Qeyd edək ki, Ermənistan 2020-ci il 10 noyabr tarixli kapitulyasiya aktında da analoji öhdəlik götürmüşdü. Lakin ötən dövr ərzində bu ölkədə nə hakimiyyət, nə də cəmiyyət Zəngəzur dəhlizinin reallaşdırılmasında xüsusi maraq nümayiş etdirməmiş, xüsusilə də ayrı-ayrı Qərb dövlətləri və cənub qonşumuzun təhriki ilə proses tamamilə başqa müstəviyə yönəldilərək ləngidilmişdi.

Azərbaycan isə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq prosesi çərçivəsində Orta Dəhlizin Azərbaycan seqmentinin vacib hissəsi olan həmin ərazilərdə dəmir yolu və avtomobil yolu infrastrukturunun həyata keçirilməsinə böyük önəm vermişdir. Demək olar ki, bu prosesin mühüm hissəsi artıq uğurla başa çatdırılıb. Prezident İlham Əliyevin avqustun 8-də Vaşinqtonda Azərbaycan media nümayəndələrinə müsahibəsində də qeyd etdiyi kimi, dəmir yolunu az qala Ermənistan sərhədinə qədər çatdırmışıq və sürətli iş aparılacağı təqdirdə onu təxminən 6 ay ərzində tam olaraq sərhədə qədər uzatmaq mümkündür.

Təəssüf ki, Ermənistan ötən dövr ərzində nəinki infrastruktur quruculuğu istiqamətində hər hansı addım atmamış, hətta üzərinə götürdüyü öhdəliklərin ziddinə olaraq bölgədə salınacaq dəmir yolu və ya avtomobil yolu infrastrukturunun texniki əsaslandırma layihəsini belə müzakirəyə çıxarmamışdır.

Bununla belə, sirr deyil ki, antiterror tədbirlərindən sonra bölgədə qüvvələr və maraqlar nisbətində baş verən köklü dəyişiklik Ermənistanın da mövqeyinə təsir etmişdir. Belə ki, həm Əbu-Dabidə, həm də Vaşinqtonda Ermənistan artıq Zəngəzur dəhlizinin qarşısında maneə kimi görünməməyə çalışan bir mövqe sərgiləməyə başlayıb.

Digər tərəfdən, cənub qonşumuz İran da ölkə Prezidenti və xarici işlər nazirinin bəyanatlarında Zəngəzur dəhlizinin mahiyyətinə nəhayət ki, adekvat yanaşma nümayiş etdirmişdir. Azərbaycan Prezidenti də İranın bu mövqeyini yüksək qiymətləndirmişdir.

ABŞ-nin prosesdə aktiv iştirakı isə Qərbdə bu istiqamətdə maneə yaratmaq istəyən dairələrin neytrallaşdırılmasına gətirib çıxarmışdır. Məhz bu səbəbdən ABŞ-dən nümayəndə heyətinin yaxın günlərdə İrəvana səfəri Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində ciddi irəliləyişlər vəd edir.

Görünən odur ki, Azərbaycan Prezidentinin yaratdığı yeni geosiyasi reallıq bölgədə əməkdaşlıq mühitinə alternativin olmadığını sübut edir. Saxta arqumentlərlə bu həqiqətə qarşı çıxmağa çalışan dairələr isə artıq fiaskoya məhkum olmuşlar”.

Bu barədə patrulaz.az-a açıqlama verən digər deputat Aydın Hüseynov vurğulayıb ki, Azərbaycan öz ərazisində görülən işləri 1-2 il ərzində yekunlaşdırmağı hədəfləyir, lakin bu, ümumi dəhlizin açılış vaxtı ilə üst-üstə düşməyə bilər:

media-inshot_20250910_193902570

“Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində infrastruktur işləri son illərdə sürətləndirilib. Dövlətin prioritet istiqaməti kimi müəyyən edilən bu layihə həm də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası ilə paralel şəkildə həyata keçirilir. Əsas məqsəd Naxçıvanla birbaşa quru əlaqəsini təmin etmək, Azərbaycanın tranzit imkanlarını gücləndirmək və bölgəni beynəlxalq nəqliyyat şəbəkəsinə daha sıx inteqrasiya etməkdir.

Azərbaycan tərəfində dəhlizin yol və dəmir yolu infrastrukturu üzrə layihələndirmə işləri böyük ölçüdə yekunlaşıb. Horadizdən Arazdəyən istiqamətində çəkilən dəmir yolunda artıq müəyyən hissələr istifadəyə verilib, yeni körpülər və yol qovşaqları inşa olunmaqdadır. Paralel olaraq avtomobil yolu xətləri üzrə də işlər gedir və bu marşrut boyu həm müasir texniki standartlara cavab verən yol örtüyü, həm də logistik obyektlər nəzərdə tutulur. İşlərin mərhələlərlə aparılması regionun bərpa planı ilə uzlaşdırıldığı üçün dəhlizin sürətli və keyfiyyətli şəkildə istifadəyə verilməsi məqsəd qoyulub.

Yekunlaşma müddəti isə bir neçə amildən asılıdır. İnfrastrukturun böyük hissəsinin Azərbaycan üzərində olması işləri nisbətən daha rahat həyata keçirməyə imkan yaradır. Lakin dəhlizin tam gücü ilə işləməsi üçün həm Ermənistan tərəfinin mövqeyi, həm də regional siyasi şərait mühüm rol oynayır. Azərbaycan öz ərazisində görülən işləri 1–2 il ərzində yekunlaşdırmağı hədəfləyir, lakin bu, ümumi dəhlizin açılışının vaxtı ilə tam üst-üstə düşməyə bilər. Çünki layihənin regional hissələri arasında koordinasiya vacibdir və siyasi iradə olmadan texniki işlərin nəticəsi tam reallaşmır.

Bütün çətinliklərə baxmayaraq, Azərbaycan hissəsində aparılan işlərin tempi və miqyası göstərir ki, ölkə bu dəhlizin açılmasını yalnız nəqliyyat layihəsi kimi deyil, həm də iqtisadi və geosiyasi strateji layihə kimi dəyərləndirir. Yaxın illərdə yekunlaşacaq infrastruktur həm ölkənin tranzit imkanlarını artıracaq, həm də Şərqdən Qərbə gedən yeni ticarət arteriyasının əsas hissəsini formalaşdıracaq”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər