media-inshot_20250722_150041264

“Zərdabi və “Əkinçi” Azərbaycan mətbuatı üçün sadecə bir tarix deyil. Əgər biz “Əkinçi”ni diqqətlə araşdırsaq, bugün də görə bilərik ki, cəmiyyətə xidmət etmək, maarifləndirmək, həqiqəti yazmaq Zərdabinin  jurnalistlərə  mirasıdır”.

Bu fikirləri Azərbaycan Milli Mətbuatının 150 illiyi və 1875-ci ildə marifpərvər Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzeti ilə Milli Mətbuatın əsasının qoyulması münasibətilə Patrulaz.az-a tanınmış jurnalist, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin kafedra müdiri və müəllimi Aynur Nəsirova bildirib.

Jurnalistin sözlərinə görə, müasir medianın əsas missiyası cəmiyyəti maarifləndirmək, doğru informasiya vermək və dəyərləri qorumaqdır. O, təəssüf hissi ilə bu yolundan sapanları qeyd etsə də, yenə də əsl jurnalistikanın missiyasına sadiq qalan peşəkarların varlığını ümidverici sayır:

“Müasir medianın əsas missiyası cəmiyyəti məlumatlandırmaq, tənqidi düşüncə formalaşdırmaq, milli dəyərləri qorumaq və inkişaf etdirməkdir. Təəssüf ki, bunların tərsini edənlər də var.  Müasir media Zərdabinin təməl prinsiplərini yeni texnologiyalardan istifadə edərək çatdırmağa çalışır. Təbii ki, bu prinsiplərdən büdrəyənlər də var. Amma bu gün bayram əhval-ruhiyyəsində olduğumuz üçün yaxşılardan danışmağı üstün tuturam. İnsanların düşüncəsini formalaşdıranlardan, auditoriyanı doğru informasiya ilə təmin edənlərdən…”

media-inshot_20250722_145820978

Aynur Nəsirova həmçinin müasir mediada getdikcə daha çox yer alan süni intellekt texnologiyalarına da toxunaraq, jurnalistikanın gələcəyi ilə bağlı düşüncələrini bölüşüb.

Onun sözlərinə görə, jurnalistika bu gün olduğu kimi, gələcəkdə də cəmiyyətin inkişafında mühüm rol oynamaqda davam edəcək və öz mövqeyini qoruyub saxlayacaq:

“Mən əminliklə deyə bilərəm ki, bundan illər sonra da jurnalistikada əsil söz və qələm sahibləri, peşəkar repertyorlar olacaq. Düzdür, müasir dövrümüzdə süni intellekt həyatımızın ayrılmaz hissəsinə çevrilib, amma bu Aİ-ni idarə edənlər də elə insan zəkasıdır. Əgər biz yazıb, araşdırmasaq o zaman sünii intellekt araşdırmalarını haradan aparacaq? O mimika və emosiaları izləyicilərinə necə çatdıracaq?…”

A. Nəsirova sonda jurnalist həmkarları ilə birlikdə yubiley münasibətilə təltif olunmasına sevindiyini, o cümlədən tələbələri ilə birlikdə bu uğurlu yolda addımlamaqdan qürur duyduğunu bildirərək, önəmli gün münasibətilə bütün media nümayəndələrini təbrik edir:

“150!!! Qürurverici rəqəmdir!!! Daha qürurverici olan isə mənim üçün bu tarixin 30 ilində sözün həqiqi mənasında külünc vurmağımdır… Bu gün o külüncü həm də tələbələrimlə bərabər vururam!!! 3 nəslin adının olduğu sərəncamda həm jurnalist kimi ilk addımlarımda əlimdən tutanların, həm çiyin-çiyinə söz, xəbər uğrunda döyüşdüklərimin, həm də tələbələrimin adının olması əsl bayramdır!!! Günümüz mübarək, həmkarlar!!!”

Xatırladaq ki, iyulun 21-də Prezident İlham Əliyev media nümayəndələrinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, jurnalist Aynur Nəsirova “Tərəqqi” medalına layiq görülüb.

Biz də Patrulaz.az kollektivi olaraq, peşəsini ləyaqətlə icra edən bütün media nümayəndələrini bu əlamətdar gün münasibətilə təbrik edirik!

Gülbəniz Səfərova


Bənzər xəbərlər