media-inshot_20260410_140437545

Son vaxtlar valideynlərin uşaqlarından imtina etməsi xəbərləri ilə qarşılaşırıq. Zibil qutusuna atılan körpələr, xəstəxana dəhlizində tərk edilən qundaqlar və bir də vicdanını həmin o küncdə qoyub gedən valideynlər və s. Doğrusu, illərdir bu ürək ağrıdan hal təkrarlanır.

Mənəvi baxımdan bir dərd olan bu məsələnin hüquqi tərəfi də maraqlandıran bir mövzudur. 

Övladını tərk edənləri hansı cəza gözləyir?

Patrul.az mövzu ilə bağlı hüquqşünas Rəhim Xoyskiyə müraciət edib.

O bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, uşağın taleyinə biganə qalmaq, onu təhlükədə qoymaq və ya ondan imtina etmək həm mülki (ailə hüququ), həm də cinayət məsuliyyətinə səbəb olur:

“Uşağın küçəyə, zibilxanaya və ya digər köməksiz yerlərə atılması birbaşa cinayət tərkibi yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143-cü maddəsinə (“Təhlükədə qoyma”) əsasən, azyaşlı və ya köməksiz vəziyyətdə olması üzündən özünü müdafiə etmək imkanından məhrum olan şəxsi həyatı və ya sağlamlığı üçün təhlükəli vəziyyətdə bilə-bilə köməksiz qoymağa (əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə) görə şəxs 1000 manatdan 1500 manatadək miqdarda cərimə oluna, 1 ilədək müddətə islah işlərinə cəlb oluna və ya 6 ayadək müddətə azadlıqdan məhrum etməylə cəzalandırıla bilər”.

media-inshot_20260410_135614953

Həmsöhbətimizin sözlərinə görə, əgər bu hərəkət nəticəsində uşaq dünyasını dəyişərsə və ya sağlamlığına ağır zərər dəyərsə, əməl daha ağır maddələrlə (məsələn, ehtiyatsızlıqdan adam öldürmə və ya qəsdən sağlamlığa ağır zərər vurma) tövsif edilə bilər və cəza müddəti əhəmiyyətli dərəcədə arta bilər:

“Valideyn uşaqdan imtina etdikdə və ya onu xəstəxanada tərk etdikdə, bu, onun valideynlik hüquqlarının itirilməsi ilə nəticələnir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən, valideynlər öz valideynlik vəzifələrini yerinə yetirmədikdə, heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisəsindən götürməkdən imtina etdikdə valideynlik hüquqlarından məhrum edilə bilərlər”.

R.Xoyski əlavə edib ki, valideynlik hüquqlarından məhrum edilmə valideyni uşağı saxlamaq (aliment ödəmək) öhdəliyindən azad etmir, lakin o, uşaq üzərindəki bütün hüquqlarını (tərbiyə etmək, uşaq adından qərarlar vermək, gələcəkdə ondan vərəsəlik və ya yardım almaq) itirir:

“Əgər uşağın tərk edilməsi tamah məqsədilə (uşağı satmaq və s.) baş verərsə, bu zaman Cinayət Məcəlləsinin 173-cü maddəsi (Yetkinlik yaşına çatmayanın alqı-satqısı) tətbiq olunur ki, bu da 8 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur”.

Ləman Sərraf


Bənzər xəbərlər