“15 İyun Milli Qurtuluş Günü Azərbaycanın xilası və inkişaf yolunun başlanğıcıdır” - Vasif Qafarov
“Azərbaycanın müasir tarixində taleyüklü hadisələrdən biri olan 15 İyun Milli Qurtuluş Günü dövlətçilik tariximizin ən mühüm dönüş nöqtələrindən biri kimi xüsusi əhəmiyyət daşıyır. Bu gün təkcə siyasi hakimiyyət dəyişikliyi deyil, həm də Azərbaycan dövlətinin parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas olaraq sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoymasının başlanğıcıdır”.
Bu fikirləri Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov 15 İyun Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti barədə Patrul.az-a şərh edərkən səsləndirib.
O xatırladıb ki, XX əsrin sonlarında Azərbaycan xalqı mürəkkəb və ağır sınaqlarla üzləşmişdi:
“Ulu Öndər Heydər Əliyevin 1987-ci ildə Sovet İttifaqı rəhbərliyində tutduğu yüksək vəzifələrdən istefa verməsindən qısa müddət sonra erməni millətçiləri və onların havadarları Azərbaycana qarşı ərazi iddialarını açıq şəkildə irəli sürməyə başladılar. Bunun ardınca xalqımız 20 Yanvar faciəsini, Xocalı soyqırımını və torpaqlarımızın işğalını yaşadı.
Müstəqilliyin ilk illərində ölkədə yaranmış siyasi böhran, idarəetmədə səriştəsizlik, iqtisadi tənəzzül, qanunsuz silahlı dəstələrin fəaliyyəti və separatçılıq meylləri Azərbaycanı dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. AXC-Müsavat hakimiyyətinin ölkəni idarə etməkdə acizliyi nəticəsində ölkədə anarxiya, xaos və özbaşınalıq hökm sürürdü. Hakimiyyət daxilində qruplaşmaların yaranması, torpaqlarımızın işğalının davam etməsi, əhalinin sosial vəziyyətinin ağırlaşması vəziyyəti daha da gərginləşdirirdi”.

Belə bir dövrdə Azərbaycan xalqının yeganə çıxış yolunu böyük dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışında gördüyünü vurğulayan V.Qafarov əlavə edib:
“Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 9-da Bakıya gələn Ulu Öndər ölkənin xilaskarlıq missiyasını öz üzərinə götürdü. O, həyatını təhlükə altına qoyaraq Gəncəyə getdi, qardaş qırğınının qarşısını aldı və dövlətçiliyin qorunması naminə qətiyyətli addımlar atdı.
1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Həmin tarix Azərbaycan xalqının milli qurtuluşunun, dövlətçiliyimizin xilası və möhkəmlənməsinin rəmzinə çevrildi. Sonrakı illərdə ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, dövlət idarəetmə sistemi formalaşdırıldı və Azərbaycanın beynəlxalq əlaqələrinin əsasları yaradıldı.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmizdə iqtisadi dirçəlişin təməli qoyuldu. “Əsrin müqaviləsi”nin imzalanması, yeni Konstitusiyanın qəbul edilməsi, ilk parlament seçkilərinin keçirilməsi və hüquqi dövlət quruculuğu istiqamətində atılan addımlar Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirdi. Məhz həmin dövrdə yaradılan möhkəm təməllər Azərbaycanın müasir uğurlarının əsasını təşkil etdi.
Heydər Əliyevin xalq və dövlət qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycanın müstəqilliyini qoruyub saxlaması və onu dönməz inkişaf yoluna çıxarmasıdır. Ulu Öndərin siyasi uzaqgörənliyi, qətiyyəti və dövlətçilik təfəkkürü nəticəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi tanındı”.
Millət vəkili qeyd edib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasi kursu uğurla davam etdirilir:
“Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər, işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri Ulu Öndərin ideyalarının təntənəsinin parlaq nümunəsidir. Prezident İlham Əliyevin dediyi kimi, Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi olmuşdur.
Bu gün xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir. Onun dövlətçilik irsi, milli maraqlara əsaslanan siyasi xətti və Azərbaycan naminə göstərdiyi misilsiz xidmətlər xalqımızın yaddaşında əbədi yaşayacaqdır. 15 İyun Milli Qurtuluş Günü Azərbaycanın xilası, dövlətçiliyimizin qorunması və bugünkü qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu tarixi gün kimi hər zaman böyük qürur hissi ilə qeyd olunacaqdır”.
Ləman Sərraf






