media-580189c6-a030-49a7-a823-0e558b0bddc1

Paytaxtda ictimai nəqliyyat sahəsində yaşanan problemlərdən biri də 166 nömrəli marşrut xətti ilə bağlıdır. Bu xətt üzrə hərəkət edən avtobuslarda demək olar ki, hər gün eyni mənzərə təkrarlanır.

Patrul.az xəbər verir ki, sərnişinlər dayanacaqlarda saatlarla gözləməyə məcbur qalır, üstəlik həddindən artıq sıxlıq yaranır və insanlar avtobusa minməkdə ciddi çətinlik çəkirlər.

Sərnişinlərin sözlərinə görə, xətt üzrə cəmi 7-8 avtobus fəaliyyət göstərir. Lakin onların bir hissəsi köhnə və texniki cəhətdən yararsız vəziyyətdədir. Avtobuslar 30-40 dəqiqə intervalla hərəkət edir. Bu isə xüsusilə işə gedən və işdən qayıdan saatlarda ciddi sıxlığa səbəb olur. Nəticədə avtobus dayanacağa çatdıqda artıq dolu olur, bəzi sürücülər isə sıxlığa görə ümumiyyətlə dayanacaqda saxlamırlar.

Əsas problem xüsusilə axşam saat 18:00-19:00 aralığında yaşanır. Sabunçu keçidi istiqamətində, Ramana kəndi və “Sovxoz Gülçülük” tərəfə hərəkət edən avtobuslarda sərnişin sıxlığı pik həddə çatır. Bu saatlarda avtobusa minmək demək olar ki, mümkünsüz olur.

Bundan əlavə, sərnişinlər iddia edirlər ki, qarajda saxlanılan və xəttə buraxılmayan avtobuslar da var. Əgər bu məlumat doğrudursa, səbəblərin ictimaiyyətə açıqlanması vacibdir.

İctimai nəqliyyat vətəndaş üçün rahatlıq və əlçatanlıq deməkdir. 166 nömrəli marşrut xəttində yaranmış mövcud vəziyyət isə əksinə, narazılıq və gərginlik yaradır. Aidiyyəti qurumların məsələni operativ şəkildə araşdırması, xətt üzrə avtobus sayının artırılması və texniki baxımdan yararsız nəqliyyat vasitələrinin yenilənməsi zəruridir.

Sərnişinlər ümid edirlər ki, nəqliyyat problemi diqqətdən kənarda qalmayacaq və yaxın müddətdə 166 nömrəli marşrut xətti üzrə vəziyyət normallaşacaq.


Bənzər xəbərlər