media-inshot_20251201_125135841

2026-cı ilin Qırmızı Od Atı ili dinamika, cəsarət və sürətli dəyişikliklərlə yadda qalacaq. Bildiyiniz kimi, At ili daha çox od enerjisini gücləndirir və bu da bəzi bürclərin həyatında yeni mərhələlərin başlanğıcına səbəb olur.

Bəs 2026-cı ildə hansı bürclər daha çox dönüş nöqtəsi yaşayacaq?

Bu barədə astroloq Aytən Salami Patrul.az-a açıqlamasında bildirib ki, 2026-cı ildə Saturnun Qoça, Yupiterin isə Şirə keçidi və At ilinin başlaması od ünsürlü bürclər üçün böyük dəyişikliklərin əsasını qoyur:

“2026-cı ildə iki önəmli planet yer dəyişəcək. Böyük karmik planet Saturn 2026-cı ilin fevral ayından etibarən 2 il yarım müddətində Qoç bürcünə keçir. Bu isə od ünsürünün güclənməsi deməkdir. Bununla paralel olaraq 2026-cı ilin iyul ayından etibarən böyük pozitiv enerji gətirən planet Yupiter Şir bürcünə daxil olacaq. Şir də od ünsürünə aid olduğuna görə bu dövr ümumi olaraq od bürcləri üçün çox təsirli olacaq. Eyni zamanda, Çin təqviminə əsasən 2026-cı il mart ayından At ilinə keçid baş tutur və bu da od ünsürlü bürclərin həyatında böyük dönüş nöqtəsinin başlanğıcı sayılır”.

A. Salami həmçinin vurğulayıb ki, 2026–2028-ci illər bürclər üçün böyük dəyişiklik və cəsarət dövrü olacaq:

“Qoç, Oxatan və Şir bürcləri 2 il yarım ərzində böyük dəyişikliklər yaşayacaq, uzunmüddətli və cəsarətli addımlar atacaq. Əgər planlı, səbirli və məqsədyönlü olsalar, böyük uğurlar və nailiyyətlər əldə edəcəklər. 2026-cı il ümumilikdə bütün bürclərin həyatında özlərini göstərmək, istədikləri məqsədlər uğrunda mübarizə aparmaq və cəsarət nümayiş etdirmək dövrü olacaq. Bu dövr 2028-ci ilin ortalarında başa çatır. Səbir, düzgün planlama və tələskənlikdən uzaq durmaq qələbə gətirəcək. Ən çox dəyişiklik isə Qoç, Şir və Oxatan bürclərində müşahidə olunacaq və bu dəyişikliklər daha çox pozitiv istiqamətdə olacaq”.

Astroloqun fikrincə,2026-cı ildə hava bürcləri yenilik, su bürcləri ilk yarıda şans, od bürcləri isə iyundan sonra uğur yaşayacaq:

“Hava ünsürlü bürclər – Dolça, Əkizlər və Tərəzi üçün də od enerjisi ilə paralel şəkildə uzunmüddətli yeni başlanğıcların təməli qoyulacaq. Torpaq və su ünsürlü bürclər də öz astroloji xəritələrinə uyğun olaraq fərqli dəyişikliklər yaşayacaqlar. Xüsusilə, Balıq bürcləri üçün 2026-cı il daha uğurlu hesab olunur. Balıq, Xərçəng və Əqrəblər üçün ilin birinci yarısı:may ayının sonuna, iyun ayına qədər daha şanslıdır. İyun ayından sonra isə daha çox Şir, Oxatan və Qoç bürcləri üçün uğurlu bir mərhələ başlayır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər