"Şüphəsiz ki, Ermənistan vətəndaşları seçkilər ərəfəsində Azərbaycanla sülh prosesini dəstəkləyəcəklər" - Paşinyan
Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərində vətəndaşları Azərbaycanla sülh gündəmini dəstəkləməyə çağırıb.
Patrulaz.az “Hetq.am”a istinadla xəbər verir ki, Paşinyan bu barədə 8-ci Paris Sülh Forumu çərçivəsində keçirilən “Liderliyin kəsişməsində” adlı müzakirə zamanı bildirib.
Baş nazirin fikrincə, Ermənistan vətəndaşları indiyə qədər əldə olunan nailiyyətləri və sülh prosesini seçkilər ərəfəsində də dəstəkləyəcəklər:
“Şübhə etmirəm ki, Ermənistan vətəndaşları sülh gündəmini və sülh prosesini dəstəkləyəcəklər”, – deyə o bildirib.
Nikol Paşinyan həmçinin çıxışı zamanı Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması, regiondakı vəziyyət və rabitə yollarının açılması istiqamətində atılan addımlara da toxunub.
O, hər iki ölkə arasında sülh prosesləri zamanı göstərdiyi səylərə görə ABŞ Prezidenti Donald Trampı yüksək qiymətləndirib:
“Bizim sülhümüz var və bu, reallıqdır. Bu, təkcə Azərbaycanla ikitərəfli münasibətlərimizdə deyil, həm də bütövlükdə regionumuz üçün tarixi dəyişiklikdir. Düşünürəm ki, ilk dəfədir ki, Cənubi Qafqazda iqtisadi əməkdaşlıq mərhələsinə çıxmaq və firavan, sülhsevər regiona sahib olmaq üçün real imkanımız var. Xüsusilə Vaşinqtonda açıq saziş əsasında regional razılaşmalar əldə etmişik. Ölkələrin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri qorunur”, – Paşinyan bildirib.
Baş nazir TRIPP layihəsinin əhəmiyyətini də vurğulayıb:
“Regional əlaqə o deməkdir ki, Ermənistan və Azərbaycan bir-birinin ərazisindən daxili, ikitərəfli və beynəlxalq əlaqə üçün istifadə edə biləcək. Bu, beynəlxalq tranzit üçün yeni marşrutlar açacaq və dünya tədarük zəncirindəki böhran dövründə region üçün oyun dəyişdirici ola bilər”.
Gülbəniz Səfərova






