media-inshot_20260216_082346593

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Qəzzada yenidənqurma və humanitar dəstək məqsədilə yaradılan, bir sıra ölkələrin qoşulduğu və maliyyə dəstəyi verdiyi Sülh Şurası fəaliyyətə başlayıb.

Patrul.az xəbər verir ki, Şuraya üzv olan İndoneziya “Sülh Şurası”nın himayəsi altında yaradılan Beynəlxalq Sabitləşdirmə Qüvvələri üçün öz ordusundan şəxsi heyət ayırıb.

Məlumata görə, ölkə Qəzza zolağında humanitar missiya üçün 8 min nəfərlik kontingentin formalaşdırılmasını başa çatdırıb.

Bu barədə İndoneziya ordusunun sözçüsü briqada generalı Donni Pramono bildirib ki, müvafiq siyasi qərar qəbul edildikdən sonra hərbi qüvvələr 2026-cı ilin iyun ayına qədər bölgədə yerləşdirilməyə hazır olacaq.

Qeyd olunub ki, fevral ayının sonuna qədər 8 min nəfərlik birləşmiş briqada tibbi müayinədən və son döyüş hazırlığı yoxlamasından keçiriləcək. Plana əsasən, ilk mərhələdə 1000 əsgərdən ibarət ön qrup aprel ayında Qəzzaya göndərilə bilər. Əsas qüvvələrin isə tam şəkildə 2026-cı ilin iyununa qədər yerləşdirilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, İndoneziya Donald Trampın təşəbbüsü ilə yaradılan “Sülh Şurası” çərçivəsində formalaşdırılan Beynəlxalq Sabitləşdirmə Qüvvələri üçün şəxsi heyət təmin etməyə hazır olduğunu rəsmi şəkildə bəyan edən ilk ölkə olub.

Missiya çərçivəsində hərbçilər döyüş əməliyyatlarında iştirak etməyəcək, əsas diqqət tibbi yardımın göstərilməsinə, mülki şəxslərin qorunmasına və infrastrukturun bərpasına yönəldiləcək.

Xatırladaq ki, yanvarın 22-də İlham Əliyev digər üzv ölkələrin rəhbərləri ilə birlikdə müvafiq sənədi imzalayaraq Azərbaycanın Qəzza ilə bağlı yaradılan Sülh Şurasına təsisçi üzv dövlət kimi qoşulduğunu təsdiqləyib.

Sülh Şurasının məqsədi nədir?

Sülh Şurasının əsas məqsədi Qəzzada humanitar böhranın aradan qaldırılması, mülki əhalinin qorunması, infrastrukturun bərpası, tibbi və sosial yardımın təmin edilməsi, həmçinin bölgədə uzunmüddətli sabitliyin yaradılmasına dəstək verməkdir.

ABŞ Prezidenti Donald Tramp da Qəzza Sülh Komitəsinin üzv ölkələrinin Qəzzanın yenidən qurulması üçün 5 milyard dollar yardım ayırdığını açıqlayıb.

Gülbəniz Səfərova 


Bənzər xəbərlər