38 il haqsız yerə həbsdə qalan məhkum azadlığa buraxılıb
İngiltərədə bir qadını öldürməkdə təqsirləndirilərək təxminən 38 il həbsdə qalan məhkumun hökmü, yeni ortaya çıxan DNT sübutlarından sonra apellyasiya məhkəməsi tərəfindən ləğv edilib.
Patrulaz.az “SonDakika”ya istinadən xəbər verir ki, Peter Sullivan 1986-cı ildə Liverpul şəhəri yaxınlığındakı “Birkenhead”də işlədiyi bardakı növbəsindən çıxaraq evinə gedərkən zorlanıb və öldürülən 21 yaşlı Diane Sindallın qətlində təqsirli bilinərək mühakimə olunmuşdu.

Mümkün hüquqi səhvləri araşdırmaq üçün yaradılmış Cinayət İşlərini Yenidən Araşdırma Komissiyası (CCRC), hadisə yerindən götürülmüş sperma nümunələrində kimliyi müəyyən edilməmiş bir təcavüzçüyə aid DNT profilinin tapılmasından sonra işi ötən il yenidən məhkəməyə göndərmişdi.
Həbsdə olduğu yerdən video bağlantı ilə məhkəməyə qatılan Sullivan, azad olunacağı bildirildikdə hönkür-hönkür ağlayıb.
Hazırda 68 yaşında olan Sullivanın İngiltərə hüquq tarixində hələ sağ olan bir məhkum kimi ən uzun müddət haqsız yerə həbsdə qalan şəxs olduğuna inanılır.
Sullivan, vəkili tərəfindən oxunan bəyanatda bunları deyib: “Nə qəzəbliyəm, nə də incik. Baş verənlər böyük bir ədalətsizlik idi, amma yaşananların bir insanın dəhşətli şəkildə həyatını itirməsi gerçəyini dəyişmir. Həqiqət sizi azad edər.”
Prokuror Duncan Atkinson, yeni DNT sübutlarının Sullivanın məhkumluğunu zəiflətməsini qəbul etdiyini və təkrar mühakimə tələb etməyəcəklərini bildirib.
Londondakı Ağır Cinayətlər Məhkəməsində keçirilən dinləmədə hakim Holroyde, hökmü ləğv etdi və yeni DNT sübutunun qəbul edilməsinin “ədalət baxımından həm zəruri, həm də uyğun olduğuna dair heç bir şübhə” olmadığını bildirdi.
Hakim Holroyde, qurbanın bədənindəki yaraların “hücumun seksual xarakterli olduğuna açıq işarə etdiyini” və spermanın böyük ehtimalla əsl qatilə aid olduğunu vurğulayıb.
O əlavə edib: “Cinayətdə bir neçə kişinin iştirak etdiyini göstərən və spermanın razılıq əsasında baş verən cinsi əlaqəyə aid olduğunu göstərən heç bir sübut yoxdur.”
Sullivan 38 il, 7 ay və 21 gün əvvəl həbs olunmuş və ümumilikdə 14 min 113 gün həbsdə qalmışdı.
Məhkəmədə qeyd olunub ki, Sindallın qarın boşluğundan götürülmüş sperma nümunəsinin DNT testinə cəlb olunması üçün lazım olan texnologiya yalnız son vaxtlar inkişaf etdirilib.
Sullivan ilk dəfə 2008-ci ildə işinin CCRC tərəfindən araşdırılması üçün müraciət etmişdi, lakin həmin vaxt qurum yeni bir DNT profilinin əldə olunması ehtimalını çox aşağı qiymətləndirmişdi.
2021-ci ildə CCRC-yə yeni bir müraciət edildi və bu dəfə texnologiyanın inkişafı sayəsində 1986-cı ildən bəri qorunan sperma nümunələrinin testə dəyər olduğu qənaətinə gəlinib.
Ləman Sərraf






