4500 illik sirr açıldı: Qədim Misir piramidalarının tikintisində…
Misirin ən qədim monumental piramidası hesab olunan Djoserin pilləli piramidasında aparılan tədqiqatlar, qədim mühəndisliyin heyrətamiz nümunəsini üzə çıxarıb.
Patrulaz.az “Popular Mechanics”ə istinadən xəbər verir ki, beynəlxalq tədqiqatçılar qrupu 4500 il əvvəl tikilmiş Djoser piramidasının su təzyiqi ilə işləyən hidravlik lift sistemi vasitəsilə inşa olunduğuna dair güclü sübutlar tapıb. Alimlərin qənaətinə görə, su ilə çalışan mexanizmlər iri daş blokların qaldırılmasında əsas rol oynayıb.
Tədqiqat qrupunun açıqlamasında bildirilir: “Piramidanın daxili arxitekturası hidravlik yüksəklik sisteminə uyğun gəlir. Bu, o dövr üçün inqilabi texnologiya hesab edilə bilər. Əgər təsdiqlənsə, qədim misirlilərin hidravlik mühəndislik sahəsində düşündüyümüzdən daha qabaqcıl biliklərə malik olduğunu sübut edəcək”.
Qeyd edək ki, tədqiqat zamanı piramidanı əhatə edən Quru Xəndəyin və yaxınlıqdakı Gisr əl-Mudir adlı qurğunun suyun axını və saxlanması üçün nəzərdə tutulduğu, hətta müasir su təmizləmə sistemlərini xatırlatdığı müəyyən edilib. Bu tapıntılar qədim misirlilərin suyun idarə olunması sahəsində yüksək biliklərə sahib olduğunu göstərir.
Gülbəniz Səfərova