7 minlik avtomobillər indi 12 minə - KƏSKİN FƏRQ
Azərbaycanda işlənmiş hibrid avtomobillərin qiymətində artım müşahidə olunur.
Bu barədə Patrul.az Xəzər TV-yə istinadən məlumat yayıb.
Bildirilir ki, avtomobil elanları yerləşdirilən platformalarda əvvəllər 7–8 min manat aralığında təklif olunan Yaponiya istehsalı köhnə hibrid avtomobillər hazırda 12 min manatdan yuxarı qiymətə təqdim olunur.
Avtomobil Dillerləri Assosiasiyası-nın sədri Eyyub Əliyev qeyd edib ki, qiymət artımının əsas səbəbi ekoloji təmiz nəqliyyat vasitələrinə tətbiq edilən bəzi güzəştlərin ləğv olunmasıdır.
Onun sözlərinə görə, ötən il bu avtomobillərin qiymətində müşahidə olunan kəskin enmə fonunda hazırkı vəziyyəti qiymət artımı deyil, bazar dəyərinin bərpası kimi də qiymətləndirmək mümkündür.
Ekspert əlavə edib ki, hazırda hibrid avtomobillərə tələbat yenidən artıb və bu artım əsasən taksi fəaliyyəti ilə deyil, kuryer xidmətləri və özəl şirkətlərin istifadəsi ilə bağlıdır.






