"Cəmiyyətdə aqressiya artıb: Kiminsə səhvən başqasına toxunması belə əlbəyaxa davaya gedib çıxır" - Sosioloq
İctimai nəqliyyat insanların məcburi şəkildə eyni məkanı paylaşdığı, fərdi davranışların isə ümumi rahatlığa birbaşa təsir etdiyi mühitlərdən biridir. Avtobus, metro və digər nəqliyyat vasitələrində telefonla yüksək səslə danışan şəxslər tez-tez diqqət çəkir və ətrafdakı insanlarda narahatlıq yaradır. Bu kimi hallarda sərnişinlərin baxışları, mimikaları, səssiz narazılığı və ya bəzən açıq iradları təkcə fərdi əsəbi reaksiya deyil, həm də cəmiyyətdə formalaşmış davranış gözləntilərinin ifadəsi kimi ortaya çıxır. Belə reaksiyalar şəxsi məkan, səssizliyə ehtiyac və qarşılıqlı hörmət anlayışlarının gündəlik həyatdakı təzahürlərini aydın şəkildə göstərir.
Bəs ictimai nəqliyyatda telefonla yüksək səslə danışanlara verilən bu reaksiyalar cəmiyyətdə hansı sosial normaların və hörmət anlayışlarının mövcudluğundan xəbər verir?
Bu barədə Patrul.az-a açıqlamasında sosioloq İlkin Məmmədkərimov bildirib ki, ictimai nəqliyyatda yüksək səslə danışmaq və artan aqressiya davranış qaydalarının ailə və məktəb tərəfindən yetərincə aşılanmamasının nəticəsi kimi cəmiyyətdə ciddi problemə çevrilib:
“Ümumiyyətlə, yalnız ictimai nəqliyyatda yüksək səslə danışanlar deyil, insanların etika və estetika qaydalarına uyğun davranmamaları da günümüzün narahat edici problemlərindəndir.
Əvvəlki dövrlərlə müqayisədə, xüsusilə 90-cı illərin sonlarında və 90-cı illərdə doğulan insanların tərbiyəsi, etika və estetika qaydaları barədə məlumatı daha yüksək səviyyədə idi. Onlar bilirdilər ki, valideynlər izah edirdi: nəyin doğru, nəyin yanlış olduğu, ictimai yerdə və ictimai nəqliyyatda insanın özünü necə aparmalı olduğu. Amma indi, çox təəssüf ki, bu davranış qaydalarının necə olmalı olduğunu nə valideynlər, nə də orta məktəblər lazımi səviyyədə öyrətmir. Bu, böyük bir problemdir. Məsələ təkcə ictimai nəqliyyatda yüksək səslə telefonla danışmaqla bitmir. İnsanlar arasında bir-birinə qarşı aqressiya da artıb”.

Sosioloqun sözlərinə görə, bu gün ən xırda anlaşılmazlıq belə hörmət çatışmazlığı səbəbindən ciddi münaqişəyə çevrilir:
“Bu gün adi bir anlaşılmazlıqda, məsələn, kiminsə səhvən başqasına toxunması belə, ağır təhqirlərə, davalara, hətta əlbəyaxa olmağa qədər gedib çıxır. Bu dərəcədə insanlar arasında hörmət, qarşılıqlı anlayış və etika qaydaları pozulub. Bu isə, təəssüf ki, günümüzün faciəsidir”.
Cəmilə Cəfərzadə






