Abituriyentlər paytaxt universitetlərinə üz tutur - Region ali məktəbləri üçün çıxış yolu nədir?
Hər il minlərlə gənc ali təhsil almaq arzusu ilə müraciət edir, lakin statistikalar göstərir ki, onların böyük əksəriyyəti paytaxt universitetlərinə üz tutur. Şəhərin canlı həyat ritmi, təhsil ocaqlarının tanınmış adı və gənclərin diqqətini çəkən imkanlar bu axını daha da artırır.
Abituriyentlər niyə məhz paytaxt universitetlərini seçirlər?
Bu barədə Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Patrul.az-a açıqlamasında bildirib ki, abituriyentlər paytaxt universitetlərini daha yaxşı imkanlar, nüfuz və gələcək perspektivlərinə görə üstün tuturlar:
“Abituriyentlərin daha çox paytaxt universitetlərinə üstünlük verməsinin bir neçə real və obyektiv səbəbi var və bu tendensiya təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrində müşahidə olunur. Çünki paytaxt universitetləri illərdir formalaşmış nüfuz, tanınma və imkan baxımından region universitetləri ilə müqayisədə daha cəlbedici görünür. Abituriyent və valideyn psixologiyasında “paytaxtda oxumaq” anlayışı artıq sadəcə təhsil deyil, həm də status, perspektiv və gələcək üçün daha güclü başlanğıc kimi qəbul edilir.Ən əsas səbəblərdən biri odur ki, paytaxt universitetlərində təhsil infrastrukturu, laboratoriya imkanları, akademik resurslar, kitabxana və beynəlxalq layihələrə çıxış daha genişdir. Eyni zamanda paytaxtda təhsil alan tələbələr daha çox təcrübə proqramı, iş imkanı, təlimlər və inkişaf layihələri ilə qarşılaşırlar. Bu da gənclərdə belə bir fikir yaradır ki, Bakı universitetləri onları əmək bazarına daha tez və daha hazırlıqlı şəkildə çıxaracaq”.
Ə.Həsənli vurğulayır ki, abituriyentlər paytaxt universitetlərini müəllim heyəti, akademik prestij və diplomun daha yüksək dəyəri səbəbilə üstün tuturlar:
“Digər tərəfdən, paytaxtda yerləşən universitetlərdə müəllim heyətinin daha tanınmış olması, bəzi sahələr üzrə daha güclü akademik məktəblərin formalaşması da abituriyentlərin seçimlərinə ciddi təsir edir. Abituriyentlər çox vaxt düşünür ki, keyfiyyətli təhsil yalnız böyük şəhərlərdə mümkündür. Bu yanaşma bəzən haqlı, bəzən isə stereotip xarakter daşıyır, amma reallıq ondan ibarətdir ki, illərdir təbliğat və ictimai rəy bu istiqamətdə formalaşıb. Bundan başqa, paytaxt universitetlərinin diplomlarının daha prestijli qəbul edilməsi məsələsi də seçimə təsir edən amillərdəndir. Əmək bazarında bəzi işəgötürənlərin hələ də universitetin yerləşdiyi şəhərə və brendinə görə qiymətləndirmə aparması abituriyentlərin “risk etməyim, Bakını seçim” düşüncəsini gücləndirir. Bu isə region universitetlərinin inkişafına mane olan psixoloji baryer yaradır”.

Təhsil ekspertinin sözlərinə görə, abituriyentlər universitet seçimini təhsil ilə yanaşı sosial imkanlar və karyera perspektivi əsasında edirlər, region universitetləri isə bu sahədə geri qalır:
“Digər bir mühüm səbəb isə sosial həyat və imkanlardır. Paytaxtda tələbələr üçün daha çox sosial mühit, tədbir, konfrans, xarici dil kursları, könüllülük proqramları və karyera sərgiləri olur. Gənclər universitet seçimini artıq təkcə təhsil yox, həm də həyat tərzi seçimi kimi görürlər. Bakı bu baxımdan daha dinamik və rəqabətli mühit təqdim edir.Region universitetlərinə marağın nisbətən aşağı olmasının səbəblərindən biri də onların ictimaiyyətə düzgün təqdim olunmaması, reklam və tanıtım işlərinin zəif aparılmasıdır. Bir çox hallarda həmin universitetlərdə potensial imkanlar olsa belə, abituriyent bunu bilmir və ya ona güvənmir. Yəni burada təkcə keyfiyyət məsələsi yox, həm də etimad və informasiyanın çatdırılması problemi var.Mən hesab edirəm ki, bu vəziyyətin dəyişməsi üçün region universitetlərində real keyfiyyət artımı ilə yanaşı, onların karyera imkanları, əmək bazarı ilə əlaqələri, təcrübə proqramları və akademik göstəriciləri gücləndirilməlidir. Çünki abituriyent seçim edərkən sadəcə universitetin adını yox, həmin universitetin ona hansı gələcəyi verəcəyini düşünür. Əgər region universitetləri məzunlarına iş təminatı, təcrübə və inkişaf platforması yarada bilsə, paytaxtla rəqabət aparmaq daha asan olacaq”.
Cəmilə Cəfərzadə






