media-inshot_20260519_111726327

ABŞ-nin Kaliforniya ştatının San Dieqo şəhərində yerləşən İslam Mərkəzində (ICSD) atışma baş verib.

Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kleyrmont qəsəbəsində, yerli vaxtla saat 11:40–11:45 radələrində mərkəzin həyətində qeydə alınıb.

Silahlı hücum nəticəsində mühafizəçi də daxil olmaqla 3 nəfər yerindəcə həlak olub. Ölənlərdən ikisinin İslam mərkəzində fəaliyyət göstərən məktəbin əməkdaşları olduğu bildirilir.

Məlumata görə, 10 ildən artıqdır mərkəzdə çalışan qəhrəman mühafizəçi Amin Abdulla hücumçuların binanın daxilinə keçməsinin qarşısını alaraq faciənin daha da böyüməsini əngəlləyib.

Hadisə vaxtı mərkəzin daxilindəki “Əl-Rəşid” ibtidai məktəbində onlarla uşaq olub. Hadisə yerinə 4 dəqiqə ərzində gələn polis əməkdaşları binanı mühasirəyə alıb və azyaşlıları təhlükəsiz şəkildə təxliyə edib. Uşaqlar arasında xəsarət alan olmayıb.

İlkin araşdırmalar zamanı hücumu törədən şəxslərin 17 və 19 yaşlı iki gənc olduğu müəyyən edilib. Hüquq-mühafizə orqanları 17 yaşlı şübhəlinin “Madison” liseyinin şagirdi Keyn Klark (Cain Clark) olduğunu açıqlayıb.

Məlum olub ki, hadisədən düz iki saat əvvəl 17 yaşlı yeniyetmənin anası polisə zəng edərək oğlunun intihara meylli olduğunu, evdən qaçdığını, onun avtomobilini və bir neçə odlu silahını oğurladığını bildirib.

Polis hüquq-mühafizə sistemləri ilə maşını axtararkən və anadan ifadə alarkən məsciddə atışma səsləri eşidilib.

Şübhəlilər məsciddən qaçdıqdan bir neçə məhəllə kənarda avtomobildən ətrafdakı bir bağbana da atəş açıblar. Güllə işçinin başındakı kaska-şlemə dəyərək rikoşet etdiyi üçün o, möcüzə nəticəsində sağ qalıb.

Bundan sonra hər iki yeniyetmə hadisə yerinin yaxınlığında, küçənin ortasında dayanan avtomobilin içində özlərinə atəş açaraq intihar edib.

Federal Təhqiqat Bürosu (FTB) ilə birgə aparılan istintaq hadisəni rəsmən “nifrət cinayəti” kimi araşdırır. Şübhəlilərin istifadə etdiyi silahlardan birinin üzərinə irqçi və anti-İslam nifrət şüarlarının cızıldığı aşkar edilib. Gənclərin evdə qoyub getdiyi intihar məktubunda isə ümumi xarakterli irqi üstünlük və nifrət dolu fikirlər yer alıb.

Ağ Evdə jurnalistlərin suallarına cavab verən ABŞ Prezidenti Donald Tramp da hadisəni “dəhşətli bir vəziyyət” adlandırıb:

“İlkin məlumatları almışam, lakin biz bu məsələyə çox ciddi şəkildə baxacaq və araşdıracağıq”.

Faciədən dərhal sonra ABŞ-nin digər böyük şəhərlərində, xüsusilə Nyu-York  mudafıəsi və Los-Ancelesdə ehtiyat tədbiri olaraq bütün məscidlərin və müsəlman mərkəzlərinin mühafizəsi gücləndirilib, patrul nəzarəti artırılıb.

Faktla bağlı genişmiqyaslı istintaq davam edir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər