ABŞ hərbi təyyarələri İran sərhədinin yaxınlığında - FOTO
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “C-17A Globemaster III” və “MC-130 Super Hercules” tipli hərbi-nəqliyyat təyyarələrinin Türkmənistanda naməlum əraziyə eniş etdiyi bildirilir.
Patrul.az xəbər verir ki, bununla bağlı məlumatı açıq mənbəli uçuş izləmə platforması “FlightRadar24” yayıb.
Platformanın məlumatına görə, təyyarələrin eniş nöqtəsi rəsmi olaraq açıqlanmayıb.
Xüsusi diqqət çəkən məqam “MC-130 Super Hercules” təyyarəsinin funksional xüsusiyyətləridir. Sözügedən təyyarə əsasən xüsusi təyinatlı qüvvələrin daşınması, gizli və gecə əməliyyatlarının icrası, helikopterlərə havada yanacaq və avadanlıq ötürülməsi, eləcə də qeyri-standart eniş-qalxma missiyaları üçün istifadə olunur.
Qeyd edək ki, Türkmənistanın İranın paytaxtı Tehrandan təxminən 300 kilometr məsafədə yerləşməsi bu enişin strateji əhəmiyyətini daha da artırır.
Onu da xatırladaq ki, bu gün ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Ermənistana səfəri fonunda bölgədə çoxsaylı uçuşların həyata keçirilməsi də İran tərəfinin narahatlığına səbəb olub.







