media-inshot_20251029_191801637

2026-cı il üçün ölkə üzrə yaşayış minimumu 300 manat, uşaqlar üçün isə 260 manat məbləğində müəyyən edilib. Bu rəqəmlər Milli Məclisə təqdim olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Uşaqlar üçün yaşayış minimumunun məbləği əvvəlki illə müqayisədə 16 manat artıb. Bu artım eyni zamanda alimentin minimum məbləğinin də yüksəlməsi deməkdir.

Alimentin artmasının müsbət tərəflərinin olması ilə yanaşı, mənfi tərəfləri də var.  

Maraqlıdır, alimentin artması boşanmaların sayına təsir edə bilərmi?

Sosioloq Elçin Bayramlı Patrulaz.az-a açıqlamasında bildirib ki, bu, boşanmalara az təsir göstərir:

“Aliment məbləğinin artması yaşayış minimumunun indeksasiyası ilə bağlıdır. Bu əsl artım deyil, sadəcə indeksasiyadır: rəsmi inflyasiyaya uyğun olaraq yaşayış minimumu indeksasiya olunur və aliment məbləği də bu göstərici ilə müəyyən edilir. Bu baxımdan, bunu artım saymaq olmaz; əslində real artım deyil, çünki faktiki inflyasiya rəsmi inflyasiyadan ən azı 5 dəfə çoxdur. Bu o deməkdir ki, əvvəlki 285 manat öz dəyərini itirib və onu əvəz etmək üçün 300 manat kifayət etmir, ən azı 400 manat olsaydı, bunu artım hesab etmək olardı.

Hər bir halda hesab edirəm ki, boşanmaların artmasında aliment məsələsinin rolu çox cüzidir və əsas səbəb deyil. Müəyyən bir pay ola bilər, amma boşanmaların çox konkret səbəbi var ki, bu 90%-i təşkil edir: mənəvi deqradasiya, mənəvi dəyərlərin çökməsi, müasirlik, qadın azadlığı və s. kimi adlar altında aparılan ailə dəyərlərinin dağıdılması təbliğatının, psixotron terrorun birbaşa nəticəsidir. Bu, milli və mənəvi dəyərlərimizdən, ailə sistemimizdən uzaqlaşmanın nəticəsidir və gənc nəslin yad təsirlər altında böyüməsinin nəticəsidir”.

media-media-inshot_20251029_191419718-o6wz8u

Sosioloqun sözlərinə görə, müasir ailələrin dağılmasının əsas səbəbi mənəvi deqradasiya və sağlam ailə dəyərlərinin zəifləməsidir:

“10% səbəb isə sosial-iqtisadi faktorların payı ola bilər. Həmçinin, tərəflərdən biri psixi xəstədirsə, narkoman və ya alkoqolikdirsə, bunlar da müəyyən rol oynaya bilər. Müəyyən qədər ifrat kasıbçılığın və çətin şəraitdə yaşamağın da təsiri ola bilər. Bu faktorların hamısı birlikdə 10%-i təşkil edə bilər.

90% isə yalnız və yalnız mənəvi deqradasiyanın, mənəvi çöküşün nəticəsidir. Əgər boşanmalar kasıbçılıq və sosial çətinliklərlə bağlı olsaydı, tariximizdə ağır sosial vəziyyətlərin olduğu dövrlərdə, məsələn, 90-cı illərdəki böhran və Böyük Vətən Müharibəsi illərində boşanmaların sayı minimumda olmazdı. Bu göstərir ki, maddi çətinliklər ailəni dağıtmağa qadir deyil. Üstəlik, dünya təcrübəsinə baxsaq, boşanmalar yalnız inkişaf etmiş, zəngin ölkələrdə çoxdur, yoxsul ölkələrdə isə minimaldır. Bundan əlavə, heç bir maddi çətinliyi olmayan, hətta daha imkanlı ailələrlə də boşanmalar çox olur. Bu da göstərir ki, boşanmaların əsas səbəbi maddi problemlər yox, mənəvi deqradasiyadır.

Müasir ailələrin dağılmasının səbəbi sevgisizlikdir: insanlar qarşı tərəfin mənəvi keyfiyyətlərinə deyil, maddi tərəflərinə baxır, öz eqoist maraqlarını üstün tutur, daha çox maddi rifaha can atır və sağlam ailə dəyərlərini arxa plana keçirir. Bu mənəvi deqradasiyanın nəticəsidir. Buna görə də bəzi fikirlər ki, boşanmaların əsas səbəbi alimentdir, yanlışdır; bunun yalnız bir neçə faiz payı ola bilər. Azərbaycanda real yoxsulluq həddi adam başına ən azı 500 manatdır. Bir qadın və iki uşağın yaşaması üçün ən azı 1500 manat lazım olsa da, aliment bunun heç yarısını belə ödəyə bilməz.

Jurnalistlər problemin həqiqi səbəbini araşdırmalıdırlar: niyə mənəvi dəyərlərimiz məhv olub, ailə dəyərlərimiz dağıdılır? Bu, televiziyalar, psixoloqlar, ictimai şəxslər və bəzi “ziyalı”ların aparıldığı təbliğatın nəticəsidir: “Azad ol, əylən, kef elə, öz ailənə fədakarlıq etmə, yalnız öz arzularına və rahatına diqqət yetir” mesajı verilir. Bu təbliğat nəticəsində mənəvi deqradasiya artır və ailələr dağılır.

Əgər biz milli və mənəvi dəyərlərimizə qarşı aparılan bu açıq psixotron terror dayandırmasaq, və gənc nəsil bu dəyərlər əsasında tərbiyə edilməsə, boşanmalar və digər mənfi göstəricilər daha da artacaq. Bu həm də millətin fiziki məhvinə aparan strateji təhlükədir, çünki uşaq doğumu və evlənmələr azalır. Dövlət və cəmiyyət bu sahədə ciddi tədbir görməlidir, amma hələlik bunu görmürük. Nəticədə problemlər artan xətlə davam edəcək”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər