Alimlər Günəş Sisteminin yaxınlığında nəhəng qaz buludu aşkar etdilər
Alimlər Günəş Sisteminin 300 işıq ili uzaqlıqda yerləşən və “Eos” adlandırılan nəhəng parlayan hidrogen qaz buludu kəşf ediblər.
Patrulaz.az “Yahoo”ya istinadən xəbər verir ki, beynəlxalq tədqiqatçılar qrupu bu nadir tapıntını Yerli Baloncuğun (Günəş sistemini əhatə edən boşluq sahəsi) kənarında müəyyən ediblər. Kəşf Cənubi Koreyanın STSAT-1 peykinə qoşulmuş uzaq ultrabənövşəyi spektroqraf vasitəsilə həyata keçirilib və bu metod molekulyar hidrogenin flüoresan işığını müşahidə etməyə imkan verib. Bu isə sözügedən texnikanın astronomiyada ilk istifadəsidir.
“Məlumatlar uzaq ultrabənövşəyidə flüoresan vasitəsilə aşkar edilən parlayan hidrogen molekullarını göstərdi”, – deyə layihənin rəhbəri, Rutgers Universitetinin dosenti Blakesley Burkhart bildirib. O əlavə edərək bildirib ki, sözügedən bulud qaranlıqda da parlayır.
Qeyd edək ki, “Eos” buludunun kütləsi Günəşdən təxminən 3400 dəfə böyükdür və alimlər bu kəşfin ulduzlararası mühitin, eləcə də ulduz və planetlərin yaranma proseslərinin öyrənilməsinə töhfə verəcəyinə ümid edirlər. Üstəlik, Eos əvvəllər radio və infraqırmızı dalğalarda görünmədiyi üçün alimlərin nəzərindən uzun müddət yayınmışdı.
Gülbəniz Səfərova






